Yazıçı Kəramət Böyükçöl ün səhifəsində "Ərdoğan, yoxsa Kilıçdaroğlu?" Başlığı ilə sorğu keçirilib. 5 min nəfərdən çox insan sorğuya münasibət bildirib.
Keçirilən sorğuda Ərdoğan irəlidə olsa da, Kamal Kilıçdaroğlu kifayət qədər səs toplayıb.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra Azərbaycanda, Türkiyədə fəaliyyət göstərən siyasi partiyalar arasında yeganə nüfuz sahibi olan partiya MHP olubdur. MHP - dən sonra, partiyası elə də ciddi tanımamasa da, siyasi lider olaraq Rəhmətlik Nəciməddin Ərbakan nüfuzlu siyasətçi olaraq hörmətlə qəbul olunub. .
Ərdoğanın hakimiyyətindən sonra Azərbaycanda MHP -nin yerini AKP tutmağa başladı. Tədricən Azərbaycan ictimai şüurunda AKP, MHP - ni sıxışdırdı və MHP ciddi şəkildə gerilədi. AKP hakimiyyəti dövründə Türkiyədə olan siyasi liderlərin içində azərbaycanlıların ictimai şüurunda Nəciməddin Ərbakanın yerini Boyuk Birlik Partiyasının lideri, rəhmətlik Möhsün Yazıçıoğlu tutmağa başladı. Möhsün Yazıçıoğlunun partiyası kifayət qədər tanınmasa da, siyasi xadim olaraq özü kifayət qədər rəğbət göstərilən lider idi. Onu da qətlə yetirdilər. Ruhu şad olsun.
CHP- yə gəlincə, CHP heç vaxt Azərbaycanda indiki qədər rəğbət göstərilən siyasi partiya olmayıb. AKP- MHP ittifaqından sonra, Türkiyədə baş verən anti - demokratiya siyasəti Azərbaycanda CHP- ni əsas Türkiyə partiyası halına gətirdi. Bu, Türkiyədən kənar bir türk dövlətində nüfuz qazanmaq baxımından CHP üçün ciddi uğurdur.
44 günlük savaş olmasa idi, AKP - nin Azərbaycanda ümumiyyətlə nüfuzu olmayacaqdı. 44 günlük savaşın da pərdəarxası oyunları və detalları barədə hələ də xalqın ümumi düşüncəsi və bu savaşdan sonra strateji olaraq itirdiklərimiz və qazancımız barədə doğru fikir formalaşmayıb.
İdeoloji baxımdan solçu olan CHP - nin Azərbaycanda milliyətçilərin və demokratların rəğbətini qazanması, Azərbaycan xalqının demokratiya həsrətində olduğunu və demokratiyaya verdiyi dəyərin göstəricisidir. Bu, CHP - nin ciddi uğuru və Azərbaycan xalqının fərəh gətirən münasibətidir.
Hətta, Azərbaycanda milliyətçi kəsimin gözündə MHP - nin yerini dolduran İYİ Partiya və hər bir milliyətçinin sevimlisi Meral Akşener xanımın "altılı masa"dan geri çəkilməsi, bir neçə günün içində onun nüfuzunun sıfırlanmasına gətirib çıxartdı.
Buna görə də sorğuda Ərdoğanın irəlidə olması yox, Kamal Kilıçdaroğlunun kifayət qədər nüfuz qazanması diqqət çəkən məsələ olmalıdır.
Azərbaycanda hamının bildiyi səbəblərə görə, Ərdoğana münasibət Türkiyə xalqının münasibəti ilə xeyli dərəcədə fərqlənir. Ərdoğan istər Azərbaycanda , istərsə də Türkiyədə kifayət qədər reytinq ikisinə məruz qalıb.
Bu sorğudan mənim çıxardığım nəticə budur ki, xalqımızın ən böyük arzusu demokratiyadır. Azərbacan xalqı demokratiyaya həsrətdir.
CHP Türkiyədə demokratik seçki ilə hakimiyyətə gələ bilsə, Azərbaycan xalqının düşüncələrində ciddi təsir edəcək. Necə ki, İstanbul seçkilərində xalqımız Ərdoğanın yox, haqqı pozulan Ekrem İmamoğlunun yanında oldu.
Qarşıdan gələn seçkilər qardaş Türkiyə üçün xeyirli olsun.
Elşən Əlisoy