“Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını, o cümlədən 2500 tankını itirib”.
Bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin deyib.
Onun sözlərinə görə, ötən il Rusiya ordusu 10 milyon artilleriya mərmisi atıb, lakin ən yaxşı halda ildə 1 milyon mərmi istehsal edə bilir: “Eyni zamanda Rusiya 2500 tank itirib, halbuki ən yaxşı halda ildə 200 tank istehsal edə bilər”.
T.Radakin Ukraynanın əks-hücum əməliyyatlarının niyə ləng davam etdiyinə də münasibət bildirib: “Bu, Ukraynanın havadan müdafiə sistemlərinin zəifliyi, Rusiyanın əraziləri minalaması və Ukraynada bütün lazımi texnikaların olmaması ilə bağlıdır. Lakin Rusiya indi o qədər zəifləyib ki, müqavimət göstərmək imkanına malik deyil”.
Admiralın fikrincə, Ukraynanın ciddi əks-hücum əməliyyatları hələ qarşıdadır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən bəri davam edir.
Ukrayna əks-hücum əməliyyatlarına iyunun əvvəlində başlayıb.