Biz odu qoyub, külü ilə oynayırıq...

“Bilməm nə görübdür bizim oğlan oxumaqdan?”

“Məktəblərdə, universitetlərdə oxumaq təhsil deyil, sadəcə təhsil almaq yoludur.” (Ralf Emerson)

Bu gün dahi satirikimiz M. Ə. Sabirin doğum günündə onun  “Bilməm nə görübdür bizim oğlan oxumaqdan?” şer parçası Konfutsinin hər zaman üçün aktual hesab edilən bir fikri barədə düşüncələrimı təzələdi: «Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o, şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yol açır, deməli, ona düşünmək imkanı verir. Müəllimlə şagirdin arasında müstəqilliyin yaranması, şagirdə bilik qazanmanın aşılanması və düşünmək imkanının verilməsi – məhz bunlar müəllimlik məharətidir».

Əgər desək ki, öyrənməyi öyrənmədən heç nə öyrənmək mümkün deyil, heç də yanılmarıq. Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını ehtiva edir.

Bəs, biz nə edirik...?  Biz odu qoyub, külü ilə oynayırıq. Biri deyir ki, dərslər səhər saat 7-də başlasın, çünki havalar tez işıqlaşır,  digəri deyir, tənəffüs müddəti Yaponiyada olduğu kimi 30 dəqiqəyə çatdırılsın. Başqa birisi deyir ki, uşaq bağçalarına tərbiyəçi vəzifəsinə yalnız maqistratura bitirilənlər götürülməlidir, çünki, Finlandiyada belədir. Digər birisi də deyir ki, qırmızı diplom sovetdən qalmış mirasdır. Daha hansını deyim... Sinqapurda elədir, Koreyada belədir...

Bir vacib məqamı da nəzərə almırıq ki, beynəlxalq təcrübəni öyrənmək və ona istinad etmək nəinki lazımdır, hətta vacibdir. Ancaq bir şərtlə ki, bu pərəstiş və aludəçilik xarakteri almasın və onu milli maraqlarımıza uyğunlaşdırmaq mümkün ola bilsin.

“Dama-dama göl olar” prinsipi ilə orta ümumtəhsil məktəblərində şagirdlərimizə imla, inşa, ifadə yazmağı yadırğatmaqla, onların yazı savadına sarsıdıcı zərbə vurduq, hər testə beş-on sual qoyaraq, onlara nəzəri bilikləri mexaniki əzbərləmək vərdişləri aşıladıq, qramatika, orfoqrafiya, terminologiya kimi anlayışlardan məhrum etdik. Gec də olsa o qənaətə gəldik ki, qapalı testlərlə yanaşı açıq testlər də lazım imiş. Şagird gündəliyini “məktəbli kitabçası”, şagird dəftərini “iş dəftəri” halına salıb, onu dəyərindən qat-qat baha qiymətə satılmasına şərait yaratdıq, tədris vəsaitlərimizi kommersiya maraqlarının girovuna cevirdik. Hələ də məktəbli kitabçasına nədən qiymət yazmaq, nə yazmaq və ümumiyyətlə yazmamaq barədə gündə bir fikrə düşürük.

Maraqlı olan və diqqətçəkən məqam nə idi? Yarım əsrdən artıq bir müddətdə Leninin“Uçitsya, uçitsya, yeşo raz uçitsya” çağırışı tərcümədə dilimizdə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi assosiasiya olunub. Halbuki, “uçitsya” anlayışı rus dilində oxumaq deyil, öyrənmək mənasını verir. Oxumaq isə rus dilində “çitat”, “proçitat”anlamına gəlir. Məsələn, “çitat vslux” (ucadan oxumaq), “proçitat stixotvoreniye” (şer oxumaq) və s. “Uçenik” (şagird), “uçitel” (müəllim), “uçyonıy” (alim) sözləri “uçit” (öyrətmək) kökündən götürülüb. Elə qardaş türk dilində də şagırdə öyrənci, müəllimə öyrətmən deyilir. Əslində dilimizdə oxumaq sözü əsasən hər hansı bir mahnı və ya şer oxumaq kimi başa düşülür. Dərsi isə oxumaq deyil, öyrənmək tələb olunur.

Çox ehtimal ki, hüquq təhsilinə malik olan Lenin indiki terminologiya ilə desək, “uçitsya” mesajını verərkən oxumaq və öyrənmək anlayışlarının fərqində olmamış deyildi və yəqin ki, “Min bir gecə nağılları”nı oxumağı nəzərdə tutmamışdı. Bununla belə tam əminliklə hökm də vermək düzgün olmaz ki, Lenin bu fikri irəli sürərkən özlüyündə oxumağı, yoxsa öyrənməyi nəzərdə tutub. O da inandırıcı görünmür ki, rəhbərin bu fikirlərinin düzgün açıqlamasında tərcümə xətalarına yol verilib. Ən əsası ona görə ki, o dövrlərdə ölkəmizdə rus dili bilicilərinin və peşəkar tərcüməçilərin sayı indikində qat-qat artıq idi və hansısa dərslikdə, məsələn, tut ağacının “derji derevo” (ağacı tut) kimi tərcümə olunmasına qətiyyən yol verilə blməzdi.

Bəlkə də, belə bir tərcümə o vaxtlar oxumağın attestat, diplom almaq xatirinə deyil, elə məhz öyrənmək, bilik əldə etmək məqsədinə xidmət etməsindən irəli gəlib. Bizlər məktəbə gedərkən yalnız 9-10-cu siniflərdə bilmişik ki, sən demə bizə məktəbi bitirməyimizlə bağlı “Kamal attestatı” adlı hansısa bir sənəd veriləcək. İnstitut və ya universitetə daxil olmaq da diploma görə deyil, ali təhsil almaq, mükəmməl bir peşəyə yiyələnmək arzumuzdan irəli gəlib. Dərsdən kənar qalmaq, təhsildən yayınmaq kiminsə ağlına belə gələməzdi. Arada bir müəyyən “üzürlü” səbəblərdən dərsdən qaçmağmıza və ya qripə tutulmağımızla bağlı bir-iki gün məktəbə getməməyimizə görə müəllimin və ya sinif rəhbərinin evimizə gəlməsi bizim üçün ən sərt cəza sayılardı, proqram materialından geri qalmamaq üçün əlavə ev tapşırıqlarını yerinə yetirməli olardıq və s. Nə isə…

Əgər hesab etsək ki, Leninin “Uçitsya, uçitsya, yeşo raz uçitsya” lozunqunun 70 il ərzində bizə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi təqdim olunması tərcümə xətası deyildi, bəs onda elə o dövrün sonlarında orta məktəblərimizin 5-ci sinifləri üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” kursunu “Ata yurdu” adlandırmağımızın adı nə idi? Bəlkə, ideya təşəbbüsçüləri kursun adını dəyişərkən “Oteçestvo” sözü ilə “Otçestvo” sözünü qarışıq salmışdılar? Bəlkə hesab ediblər, rus qonşularımızın “Oteçestvennaya istoriya” adlandırdığı tarix “Otes” (ata) sözündən götürülüb? Əslində, bəlkə də bu ideya müəlliflərini “qınamaq” da ədalətsizlik olardı. Çünki bu rusların dilində elə qəribəliklərmi deyək, incəliklərmi deyək var ki, bundan da hər adamın baş çıxarması müşkül məsələdir. Gəl indi bu “Oteçestvo” (Vətən) ilə “Otçestvo” (ata xətti ilə soyad) arasındakı bir hərf fərqinə görə baş sındır.

“Əlifba”ya “ərəb damğası” vurub sıradan çıxardıq (ərəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyan sözüdür), sanki tarix, coğrafiya, cəbr, kimya, biologiya, fizika, informatika… bizim sözlər imiş kimi…O da maraqlıdır ki, lap elə indinin özündə dilimizdə “первобытные люди”, “первобытно-общинный строй”, “ibtidai insanlar”, “ibtidai icma quruluşu” kimi təqdim olunduğu halda, nəyə görə “начальная школа”, “начальные классы” məsələn, daha münasib sayıla biləcək ”ilkin məktəb”, “təməl sinifləri” kimi deyil, “ibtidai məktəb”, “ibtidai siniflər” kimi işlənilməlidir?

Hər halda ziyanın yarısından dönmək də bir xeyirdir deyiblər böyüklərimiz. Nə yaxşı ki, dərsliklərimizdə və digər tədris vəsaitlərində rus dilinə əsaslanıb “oteçestvennaya voyna” sözünü “ata müharibəsi”, “za oteçestvo” sözünü “ata uğrunda”, “rodina mat zovyot” sözünü “ata vətən çağırır” kimi ifadə etməmişık, yoxsa aləmə biabır olardıq. Bir də ki, yeri gəlmişkən, ana vətən, ana torpaq deyə-deyə, birdən yurdumuzu ata mülkiyyətinə çevirib “özəlləşdirməyimizə” nə ehtiyac vardı?

Bəli, indi oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar. İnkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün “oxumaq” yox, “öyrənmək” sözündən istifadə edirlər. Məhz, öyrənməyi öyrətməyin vaxtı çoxdan yetişıb. Artıq biz təhsil alanlardan nəinki biliklərə yiyələnməyi, eyni zamanda bu bilikləri anlamağı da tələb etməliyik. Bunun üçün isə ilk növbədə, bu kimi vərdişləri təhsil alanlarımıza aşılamağa özümüzü borclu hesab etməliyik, oxumağa yanaşma tərzimizi dəyişməliyik. Çünki, hər zaman olduğu kimi, bu gün də də imtahanların nəticələri ilə bağlı münaqişə və mübahisələr səngimək bilmir: “Test tapşırıqları anlaşılmazdır, yoxsa şagirdlərimiz anlaşıqsızdır?“

Amerikalı tanınmış filosof və pedaqoq Con Dyuinin məşhur bir kəlamı var: “Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür.” Digər bir amerikalı  filosof, sosioloq, futroloq Alvin Tofflerə görə isə “21-ci əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir.” Əfsus ki, biz hələ də həyat üçün yox, məktəb üçün oxuyuruq…

Nadir İsrafilov, Təhsil eksperti

Share on Facebook