Bayramov Mirzoyanla 4 gündür eyni otaqda: Nələri müzakirə edirlər?

“İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri artıq uzunmüddətli şəkildə ABŞ-da görüşlərini davam etdirir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

S. Hümbətovun sözlərinə görə, görüşlərin uzun müddət davam etməsi razılaşmaların üzərində gərgin işlə ilə bağlıdır:

“Düşünmürəm ki, ABŞ tərəflərə tam şəkildə təzyiq edərək, hansısa bir sənədi məcburi şəkildə imzalatdırsın. Çünki məsələnin detalları tam aydın olmalıdır ki, imzalanan sənədin həm hüquqi qüvvəsi olsun, həm də həyata keçirilə bilsin”.

Analitikin fikrincə, Vaşinqtonda sənəd imzalana bilər, lakin bu, sülh müqaviləsinə gedən yolda bir detal rolunu oynayacaq:

“Tərəflər əsirlərin qaytarılması ilə bağlı ilkin centlmen razılaşmasına nail ola bilər. Sonra Vaşinqtonda görüşüb bu məsələ üzərində işləyə, ayrı-ayrı detalların müzakirəsi ilə bağlı niyyət protokolu imzalaya bilər.

ABŞ Qarabağ məsələsini region dövlətləri qədər bilmir və münaqişənin aspektləri Birləşmiş Ştatlar üçün bir az qaranlıqdır. O, araşdırmadan və öyrənmədən qərar vermək istəmir. Rusiyadan fərqli olaraq, ABŞ bu məsələyə başqa cür yanaşır. Əgər Rusiya bölgədəki nüfuzunu qoşunu ilə saxlamaq istəyir, ABŞ isə fikirləşir ki, regiondakı nüfuzunu yumşaq güclə saxlasın. Yəni o, regionda sülh yaradaraq bölgə xalqları arasında hörmətli olmaq istəyir. Bunu düşünən bir dövlət təzyiq siyasətinə keçməz.

Əgər nazirlər Vaşinqtonda bir neçə gündür qalıbsa, deməli, hansısa bir məsələ üzərində kompromis üçün çalışırlar. Yəqin ki, detallar görüş tam yekunlaşandan və Bayramovla Mirzoyan ölkələrinə qayıdandan sonra aydınlaşacaq”.

Share on Facebook