Azərbaycan Ordusu Zəngilan istiqamətində adsız yüksəkliklərə nəzarəti ələ keçirdi xəbəri çıxsa, təəccüblənməyin…

Dünən sərhəd-buraxılış məntəqəsində və Zəngilan istiqamətində gərginliyin olmasından hər kəs xəbərdardır. Gələk məsələnin təfərrüatına.

Dünən Azərbaycan sərhədçiləri Laçındakı sərhəd-buraxılış məntəqəsində, daha dəqiq körpünün girişində Dövlət bayrağını qaldırarkən erməni snayperi atəş açıb və Sərhəd Qoşunlarının giziri yaralanıb.

Erməni mediası hadisəni Azərbaycanın Ermənistan ərazisinə müdaxilısi kimi təqdim edir və Rusiya sülhməramlılarını qınayırdı. Yeri gəlmişkən, Azərbaycanda bir çoxları da erməni mediasının təsiri altına düşmüşdü və səbəb axtarışında idi.

Dünən hadisənin baş vermə səbəbini açıqladım, ardınca erməni mediası da real səbəb barədə informasiya yaymağa başladı. Çünki bunu gizlətmək mümkün deyildi. Azərbaycan bayrağı həmin yerdə dünən ucaldılmırdı, yenisi ilə əvəz olunurdu. Bayrağımız sərhəd-buraxılış məntəqəsi açılandan orada olub.

Hadisədən bir gün əvvəl erməni snayperləri Azərbaycan bayrağını və bayrağın ucaldıldığı dirəyi hədəf almışdılar. Videokadrlardan da görünürdü ki, Azərbaycan sərhədçiləri bayrağı yox, bayraq dirəyini də dəyişirlər. Çünki həmin dirək artıq bir gün əvvəldən vurulmuşdu.

Hadisə baş verən gün Azərbaycan sərhədçiləri Rusiya sülhməramlılarının müşayəti ilə bayraq dirəyini yeniləmək və bayrağımızı yenidən ucaltmaq üçün orada idilər. Erməni snayperi bayrağı yenidən bərpa etmək istəyən Azərbaycan sərhədçisinə atəş açır və nəticədə gizir yaralanır. Yaralı gizir xəstəxanaya yerləşdirilib və onun vəziyyəti qənaətbəxşdir.

Hadisədən dərhal sonra Rusiya sülhməramlılarının komandanı Lentsov da hadisə yerinə gəlib. Gərginliyin pik həddə çatmasının qarşısını alıb.

Bu təxribat niyə baş verdi?

Qarabağdakı ermənilər Rusiya sülhməramlılarının müşayəti ilə Ermənistana gedib-gələ bilirlər. Sərhəd-buraxılış məntəqəsində onlara heç bir maneçilik törədilmir. Azərbaycan sərhədçiləri hətta ermənilərə təklif edir ki, sülhməramlıların müşayətinə ehtiyac yoxdur, özünüz də sərbəst şəkildə gəlib-gedə bilərsiniz. Kimin nə deməsindən aslı olmayaraq təmas artıq başlayıb.

Onların sərbəst şəkildə gəlib-getməsi həm Ermənistanı, həm də Rusiyanı narahat etməyə bilməzdi. Çünki istər-stəməz təmaslar yaranır, problem yaşamayanlar digərlərinə də bu barədə informasiya ötürür. Beləcə bu hal kütləviləşə bilərdi.

Bu vəziyyət separatçı rejimi də narahat etməyə bilməzdi. Sərhəd-buraxılış məntəqəsi artıq problemin bitməsini istəməyənlərin baş arısına çevrilib. Dünən erməni mediası bütün dünyaya car çəkməyə başladı ki, Azərbaycan tərəfi sərhəd-buraxılış məntəqəsini bağlayıb, gediş-gəlişi dayandırıb. Bəli, məhz belə də olub. Başqa necə olar bilərdi ki? Güllə atılan yerdə, təhlükəsizliklə bağlı problem yaşanan ərazidə hər şey normal şəkildə gedə bilər? Təsəvvür edin, Qarabağda yaşayan ermənilər sərhəddən keçmək istəyərkən yenidən insident yaşanır, ya zəlzələdən, ya da vəlvələdən birinin başına bir iş gəlir, ona cavabdeh kim olacaqdı?

Laçında Azərbaycan hərbçisi yaralanandan dərhal sonra Zəngilan istiqamətində tərəflər arasında ciddi qarşıdurma yarandı. Artilleriya qurğuları, dronlardan da istifadə etməklə sözün əsl mənasında döyüş baş verdi. Adətən, kiminsə kimləsə sözü çəpləşəndə deyir, tinə gedək, meşəyə gedək. Zəngilan istiqamətindəki döyüşü də bu səpkidən anlayın. Sərhəd-buraxılış məntəqəsi göz önüdür, orda cavab vermək bir qədər problemli olardı. Beləcə Zəngilan istiqamətində Azərbaycan Ordusu yaralanmış hərbçinin qisasını artıqlaması ilə çıxıb. Azərbaycan mediasında belə informasiya yayıldı ki, ermənilər dronlardan istifadə edir. Bunu yayanlarda da, bunu oxuyanlarda da bir təlaş hiss olunur. Məsələ ondadır ki, Azərbaycan Ordusu qarşı tərəfin üzbəüz təxribat törədən bütün mövqelərini minaatanlar və dornlar vasitəsi ilə sıradan çıxarıb. Döyüş zamanı Ermənistan tərəfinin xeyli sayda mövqeləri, hərbi texinakaları dəqiq zərbələrlə məhv edilib. Yeri gəlmişkən döyüşlərin baş verdiyi istiqamətdə mübahisəli ərazilər mövcuddur. Bir gün Azərbaycan Ordusu Zəngilan istiqamətində adsız yüksəkliklərə nəzarəti ələ keçirdi xəbəri çıxsa, təəccüblənməyin…

Səxavət Məmməd

Share on Facebook