Rusiya ağırlıqlı avrasiyaçılığın sonu Azərbaycana nə vəd edir?
Azərbaycan xalqının iki əsrdən artıq davam edən faciələrinin əsas səbəbi 1721-ci ildən sonra Avrasiyada bərqərar oln Rusiya ağırlıqlı avrasiyaçılıqdır.
Avrasiyada Rusiya ağırlıqlı avrasiyaçılığın bərqərar olmasının nəticəsi olaraq Guzey Azərbaycan ruslar tərəfindən işğal olunub. Ötən əsrin əvvələrində Rusiya imperiyasının, sonlarında isə Sovet İttifaqının dağılması, Rusiya ağırlıqlı avrasiyaçılığın müvəqqəti olaraq və qismən qüvvəsini itirməsi Guzey Azərbaycanın bir hissəsinin Rusiya işğalından azad olaraq müstəqil dövlətə çevrilməsinə imkan verib.
Dərbənd başda olmaqla Şimal torpaqlarımız hələ də işğal altında olmasının əsas səbəbi Rusiya ağırlıqlı avrasiyaçılığın əsasən davam etməsinin nəticəsiir. Güney Azərbaycanın müstəqilliyinin qarşısını alan əsas amil də Avrasiyada mövcud olan Rusiya ağırlıqlı avrasiyaçılıqdır.
Rusiya ağırlıqlı avrasiyaçılıq bərqərar olduğu zamandan bu günə kimi ən böyük təhlükə ilə üzləşib. Əgər Rusiya Ukraynada məğlub və darmadağın olmaqdan xilas olsa 300 illik avrasiyaçılıq davam edəcək. Belə olacağı halda postsovet respublikaları ilə bərabər Azərbaycanın da müstəqilliyi formal xarakter daşıyacaq. Yalnız Xankəndində deyil, bütün Azərbaycanda əsas söz sahibi Rusiya olacaq.
Rusiya ağırlıqlı avrasiyaçılıq Avrasiyanın digər böyük dövlətləri Çin, Türkiyə, İran, Fransa və Almaniyanın da maraqlarına uyğundur. Bu dövlətlər zamna-zaman birbiriləri ilə müharibə etsələr də, Rusiya ağırlıqlı avrasiyaçılığın qalmasında maraqlıdırlar. Bu dövlətlərin istədikləri yeganə məsələ Rusiyanın zəifl olması, onların mövqelərini nəzərə almasından ibarətdir. Amma Rusiyanın darmadağın olması onların heç birinin maraqlarına uyğun deyil.
Türkiyənin mövqelərini nəzərə alan zəif Rusiya ağırlıqlı avrasiyaçılıq əlahiddə götürüldükdə Azərbaycan Respublikasının maraqlarına qismən cavab verə bilər. Amma Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına ziddir.
Rusiyanın Ukraynaya qarşı müharibənin sonunda darmadağın olması və Rusiya ağırlıqlı avrasiyaçılığın məhvi Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının həllinin yolunu açacaq. Azərbaycan xalqının həyati əhəmiyyətli maraqları isə Dərbəndlə Təbrizin azad olmasından və qüdrətli Azərbaycan dövlətinin yaranmasından ibarətdir.
Xəqani Cəfərli, politoloq