“Qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehiyac var”.
Bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zamanı deyib.
E.Əmrulayev bildirib ki, hazırda qəbul sistemi şaquli qəbul sistemidir.
“Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”, - deyə nazir qeyd edib.
O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir: “Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”, - deyə nazir əlavə edib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Məzahir Məmmədli E.Əmrullayevin bu açıqlamasını yüksək qiymətləndirib:
“Biz bu fikirlə əlaqədar olaraq daim media qurumlarında öz istəyimizi dilə gətirmişik. Təəsüflər olsun ki, bu cəhdimizin heç bir nəticəsi olmayıb. Qəbulla bağlı hazırki sistem birmənalı olaraq dəyişilməlidir. İlk növbədə nazirin özünün də qeyd etdiyi kimi bu günün tarixçiləri dünən hüquqa qəbul ola bilməyənlərdir. Dünyanın heç bir ölkəsində qruplar üzrə ixtisas seçimi olmur. Xaricdə abitiriyent ixtisas seçməkdə azaddır. Özün harada görmək istəyirsə, oranı da seçir. Mən dəfələrlə qeyd etmişəm ki, Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərin test bankın hazırlaya bilməz. Çünki bu qurum həm test bankı, həm də onu həyata keçirən icraçı orqan rolunu oynayır. Yaxşı olardı ki, DİM-in əlindən publik hüququ şəxs olmaq hüququ alınsın və sadəcə qurum olaraq fəaliyyət göstərsin. Bu gün DİM publik hüququ şəxs olduğu üçün onu ancaq qazanc maraqlandırır. Qazancın digər yolunu da dərsliklərdən kənar əlavə oxu materialları dərc etdirməkdə görürlər. Ən pis tərəfi də odur ki, imtahanda da sualları həmin əlavə vəsaitdən salır. Hal belə olduqda da uğur göstəricilərinin sayı aşağı düşür. Mənim zənnimcə, dəyişiklik ediləcəksə, ilk növbədə DİM ya ümumiyyətlə ləğv olunmalıdır,. ya da onun səlahiyyətlərinin bir hissə əlindən alınmalıdır. Test bankı fəaliyyəti onun əlindən alınmalı və bu işlə ayrıca bir inistitut məşğul olmalıdır. Bu gün yaranmış bu çətin vəziyyətin başlıca səbəbkarı xüsus kurslar təşkil etmiş insanlardır. Mən bunu çəkinmədən dedim, deyəcəm də. DİM-ə qəbul sualların həmin kurslar hazırlayır. Dövlət İmtahan Mərkəzi də öz növbəsində həmin testlərdə şagirdlərin ilişə biləcəyi bir nöqtə qoyur ki onlar kurslara üz tutsun kursun gəlir mənbəyi artsın. Repetitorların fəaliyyəti bu gün imkan vermir ki DİM-in test bankı sağlam şəkildə fəaliyyət göstərsin”.