Metronun bu stansiyalarında işıqlar söndü

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin "Avtovağzal" və "Xocəsən" stansiyalarında gərginlik düşməsi nəticəsində işıqlar müvəqqəti sönüb. Bu barədə Sozcu.az-a qurumdan bildirilib. Məlumata görə, problem qısa müddətdə aradan qaldırılıb. Sərnişinlərlə və qatarların hərəkəti bağlı hər hansı problem yaşanmayıb.

Vilyam Hacıyevin ailəsi müsadirə olunmuş 6 milyonluq əmlakı geri istəyir

İmişlinin həbsdə olan sabiq icra başçısı məhkum Vilyam Hacıyev və ailə üzvlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Şikayətə Ali Məhkəmədə mayın 24-də baxılacaq. Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Məlumata görə, Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyirlər. Məhkum icra başçısının ailə üzvləri həmin əmlakların cinayət yolu ilə əldə olunmadığını iddia edirlər. Ali Məhkəməyə daxil olan şikayətdə Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirlər. Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israfetmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvətalma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib. Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, sabiq icra başçısının ailə üzvlərinin adına rəsmiləşdirilmiş 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.(oxu.az)

“Kupça”sız evlərdə yaşayanlara mühüm xəbər - “Portal olacaq və bu portal sayəsində...”

Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək. Artıq daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Evini sığorta etdirməyən vətəndaşların isə cərimələnəcəyi bildirilir. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Bəs çıxarışı olmayan mənzillərin aqibəti necə olacaq və ümumiyyətlə bu sahədə hər hansı işlər görülür? Sozcu.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, Həmin evlər qeydiyyatda olmadığına görə, qanunsuz tikili hesab olunur və sığortalanması mümkün deyil: "Bilidiyimiz kimi hazırda sığortaya cəlb olunan yalnız çıxarışı olan mənzil və əmlaklardır. Əmlakın çıxarışı olmadığı halda təbii ki, bunun mülkiyyətinin kimin üzərində olduğu bilinmir. Bu məsələ də mübahisə predmeti olduğu üçün sığorta şirkətləri bu riskə girmək istəmir, özlərini bu məsələlərdən qoruyurlar. Buna görə də sığorta şirkətləri sadəcə çıxarışla təmin olunmuş əmlakların məsuliyyətini götürmək istəyir". Ekspertin sözlərinə görə, sığorta mövzusunun ciddi problem yaradacağı üçün artıq qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçə biləcəyi bir layihə hazırlanır: "Əslində sığorta məsləsinin qaldırılması çıxarışı, yəni sənədi olmayan evlərə qarşı tədbirlərin artmasına yaxşı təsir etdi. Bu məsələ geniş müzakirə mövzusuna çevriləcəyinə görə, artıq Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə idea layihəsi hazırlanır. Bu, qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı bir prosesdir. Artıq bu barədə tədbirlər görülməyə başlayıb. Layihə reallaşdırıldıqdan sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyektləri və fərdi evlər bu yenilikdən yararlanacaq. Bundan sonra artıq qanunsuz tikililər sənədləşdiriləcək və onların sığortaya cəlb olunmasına başlanılacaq. Birgə proyekt yekunlaşdıqdan sonra bir portal olacaq və bu portal sayəsində bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Bununla bağlı əslində 2019-cu ildə proses başlamışdı, lakin pandemiya məsələsinin aktuallaşması ilə proses dayandırıldı. Artıq yenidən bu sahədə ciddi tədbirlər görülməyə başlayıb. Portal hazırlandığıdan sonra yerli icra hakimiyyətlərinə bildiriləcək, onlar da sənədi olmayan evdə yaşayanlara məlumat verəcək. Prosesin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".

Tovuzda 13 yaşlı qız itkin düşüb

Tovuzda 13 yaşlı qız itkin düşüb. Sozcu.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Tağıyeva Əfsanə Mətləb qızı yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Tovuz RPŞ-nin Təhqiqat bölməsində ilkin araşdırma aparılır.

Bakıda quldurluq edən şəxs saxlanıldı

Nizami rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib: "Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər".

Bağçalara sənəd qəbulu dayandırılır

Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır. bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məhkəmə şirkət rəhbəri ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan "Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apelyasiya şikayətləri təmin edilməyib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Ona 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Xanlar Cəfərovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, onun hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının çəkilməmiş 1 il 11 ay 13 gün hissəsi və 5 il 9 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qeyd edilib ki, Baş Prokurorluğunun bank depozit hesabına Xanlar Cəfərov tərəfindən əlavə olaraq köçürülmüş 20 000 manat məbləğində pul vəsaiti barəsində xüsusi müsadirə tətbiq olunsun və həmin pul vəsaiti vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməklə iş üzrə mülki iddiaları təmin olunmuş zərərçəkmiş şəxslər arasında müştərək proporsional qaydada, yəni xüsusi müsadirə tətbiq olunmuş pul vəsaitinin (20 000 manat) hər bir zərərçəkmiş şəxsin ayrı-ayrılıqda təmin olunmuş mülki iddiaların dəyərinə uyğun faizi nisbətində mülki iddiaçılar ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb. Xatırlatma: Bu cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb. İttihama görə, Xanlar Cəfərov zərərçəkmişlərə mənzil satarkən onlara qarşı dələduzluq edib. Bir mənzil bir neçə nəfərə satılıb.

Bakıda 2 azyaşlı quyuya düşərək öldü

08:41 Bakıda iki azyaşlı quyuya düşərək ölüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər. Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. *** Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.

Qax sakini özünü bıçaqlayıb

Qax rayon sakini özünü bıçaqlayıb. Sozcu.az xəbər verir ki, Qax şəhər sakini, 2003-cü il təvəllüdlü Vüsal Musayev üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Vüsal Musayevin hadisəni sərxoş halda törətdiyi bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.apa

Xırdalanda təcili yardım maşınlarının nömrələri oğurlandı

Xırdalanda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin nömrələri oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus QAZ-31 markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elçin Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

“Biz su üzü görmürük, gün ərzində 3-4 saat verilir”

“Artıq aylardır ki, bizə su 3-4 saat ərzində gəlir. Nə yemək bişirmək olur, nə də təmizlik etmək... Müraciətlərimizə də hər dəfə bir cavab verilir”.  Bu şikayətlə “Qafqazinfo”ya Saray qəsəbəsi, Rəhim Əzimov küçəsinin sakinləri müraciət edib. Vətəndaşların sözlərinə görə, əvvəlki qrafikə əsasən, su axşam saat 22:00-da kəsilib, səhər 06:00-da verilsə də, indi belə deyil: “Su yenə də axşam kəsilir və bir də saat 19:00-da gəlir. Sonra yenə axşam saat 22:00-da kəsilir. Bizə gün ərzində 3-4 saat su gəlir. 5-6 nəfərlik ailə 3-4 saat su ilə nə edə bilər? Uşaqlar məktəbə, biz də işə gecikirik. Evdə qocası var, xəstəsi var, körpəsi var. Eyni vaxtda da kəsilmir. Hər gün fərqli saatda biz bu problemlə üz-üzə qalırıq”. Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət ediblər: “Zəng edəndə də hərəsi bir söz deyir. Gah deyirlər elə şey ola bilməz, orada su fasiləsiz gəlməlidir, gah deyirlər rejim var: axşam 10-da kəsilir səhər 6-da gəlir. Hər dəfə ayrı rejim, ayrı söz deyirlər. Operatorlar imkan vermir, dərdimizi izah edək. Ancaq da bir söz əzbərliyiblər ki, bizlik deyil, tabeliyinizdə olan idarəni yığın. Verdikləri nömrəyə də zəng edirik, açmırlar. Məsələni üstlərindən atmaq istəyirlər. O gün də deyirlər ki, suyu açmalı olan adam işə gəlməyib. Gəlsin, sonra su açılacaq. Suyun nə vaxt gələcəyini soruşuruq, deyir saat deyə bilmərik, biz də bilmirik. Tanışlarımızdan digər küçələrdə qalanlar da var. Onlarda heç su kəsilmir. Əgər qənaətdirsə, normal qaydada hamıya olsun. Biz su üzü görmürük”.  Vətəndaşlar qeyd edirlər ki, problemə görə bəzi sakinlər çən də qoyublar. Amma çən qoydurmaq üçün hamının imkanı çatmır. Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirdi ki, sözügedən ərazidə suyun fasilələrlə verilməsi su ehtiyatının azalması ilə əlaqədardır: “Bununla bağlı fevral ayında məlumat vermişdik. Bildirmişdik ki, qrafikləri azaldırıq və qənaət rejiminə keçirik. Həmin tədbirlər çərçivəsində bu ərazilərdə də suyun verilişi müddəti azaldılıb. Qrafiklər hələlik bu rejimdə olacaq. Ehtiyat çənlərdən istifadə edə bilərlər. Bunu etsələr, 24 saat suları olar”.

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb. Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.