Bakıda 3 dərəcə şaxta olacaq, qar yağacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, şimal-qərb küləyinin 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, yanvarın 14-15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 12-də 15-20 m/s, yanvarın 13-14-də isə bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək yanvarın 14-15-də aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq. Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

BDU-nun 1-ci kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Vaqif Qasımov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Qeyd olunub ki, universitetin Tarix fakültəsinin l kurs tələbəsi V.Qasımov bronxial astma xəstəliyindən dünyasını dəyişib.Bakupost.az

Bakının Baş Planı sənədsiz ev problemini həll edəcəkmi?

Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməsi prosesini gündəmə gətirib. Sozcu.az xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, Baş Planın təsdiq edilməsinin sənədsiz evlərə çıxarış verilməsinə ciddi təsiri olmayacaq. "Ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarımadasının payına düşür. Sənədsiz evlər paytaxtın mərkəzi hissələrində deyil, kənar hissələrində yerləşir. Sənədsiz evlərə çıxarış verilməsi üçün qanunda müvafiq dəyişikliklər aparılmalıdır. Hökumət artıq bununla bağlı ilk addımlar atır", - o vurğulayıb. Ekspert qeyd edib ki, paytaxın mərkəzi hissəsinə yaxın sənədsiz evlərin çoxu Keşlə, NZS, Xutor qəsəbələrində və az sayda Yasamal rayonu ərazisindədir. "Belə yerlərdəki sənədsiz evlərə gələcəkdə baxış keçiriləcək. Yaşayış təyinatlı torpaqlardırsa, statusu olduğu kimi qalacaq. Torpaqların təyinatı başqadırsa, Azәrbaycan Respublikasının Şәhәrsalma vә Tikinti Mәcәllәsinə uyğun olaraq həmin torpaqların təyinatı dəyişdirilməlidir. Qanunla beş ildən bir torpaqların təyinatına baxılmalıdır. Bu qanunda nəzərdə tutulsa da, ancaq baxılmır. Bakının Baş Planının təsdiq edilməsindən sonra artıq buna əsas yaranıb", - deyə o, əlavə edib. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova bildirmişdi ki, sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb.

Şaxta nəfəs kəsəcək: Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır: "Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir”. Xidmət rəisi bildirib ki, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək: "Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”. Nazim Mahmudov vurğulayıb ki, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 m/s, gecə və səhər bəzi yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir: "Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq".

Avtomobil almaq istəyənlərə mühüm xəbər: “1 ay, ay yarım gözləsinlər çünki...”

“Azərbaycana gələn avtomobillərin qiymətinin artırılması əvvəlcədən proqnozlaşdırılırdı. Çünki hər il bununla bağlı sərtləşmə gedir, 10 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə müəyyən qadağalar qoyuldu. Eləcə də 5 ildən yuxarı Asiya istehsalı olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edildi”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, Qırmızı dəniz vasitəsilə daşınılan avtomobillərin sayının azalmasından sonra ölkədəki avtomobil bazarında qeydə alınan qiymət artımından söz açıb. Xatırladaq ki, qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. N. Cəfərlinin sözlərinə görə, onsuz da son vaxtlar işlənmiş avtomobillərin qiymətlərinin artımı müşahidə olunurdu: “İndi isə dünyada konteynerlər və yükdaşımalarla bağlı problemlər yarandığına görə ölkədə avtomobillərin qiymətində artım hiss olunur. Lakin bu, müvəqqəti xarakter daşıyır və qalıcı olmayacaq. Qiymətlərin artmasına səbəb isə bu idi ki, konteynerlərin icarə qiymətində artım müşahidə olunub. Əvvəllər bir konteyner 3.400 dollar idisə, hazırda qiymətlər 7 min dollar civarındadır”. Mütəxəssis əlavə edib ki, bunun müvəqqəti olaraq təsirləri olacaq, amma bu, o demək deyildi ki, konteyner qiymətləri artan kimi ölkənin maşın bazarında kəskin şəkildə qiymət artımı olmalı idi: “Əgər söhbət yeni avtomobillərdən gedirsə, avtodilerlərin çoxu ölkəyə gətirilən avtomobil sayını öncədən müəyyənləşdirir ki, hansı markadan nə qədər avtomobil Azərbaycana gətiriləcək. Ona görə də qiymət artımı növbəti partiya gətiriləcək avtomobillərə şamil oluna bilərdi. Çünki yeni konteyner qiymətləri ölkəyə yenicə gələn avtomobillərin üzərinə gəlməyib. Sadəcə olaraq, bu, fürsətdən istifadə etməkdir. Yəni “dünyada belə qiymət dəyişikliyi varsa, bizdə niyə olmasın” düşüncəsi ilə qiymətlər artırılıb”. Müsahibimiz aydınlaşdıırb ki, Azərbaycanın avtomobil bazarında olan maşınlar 2/3-dən çoxu Gürcüstandan gətirilən avtomobillərdir: “Gürcüstan gətirilən avtomobillər isə daha çox ikinci əl kimi Avropadan Gürcüstana idxal olunur. Burada isə avtomobillərin Qırmızı dənizlə konteyner vasitəsilə gətirilməsi məsələsi, ümumiyyətlə, yoxdur. Çünki həmin avtomobillər Qara dəniz vasitəsilə idxal olunur və onlar Bolqarıstanla Rumıniyadakı portlara daxil olur. Oradan isə Gürcüstan və Azərbaycana gətirilir”. İqtisadçının fikrincə, konteyner qiymətlərinin artırılması məsələsinin birbaşa Azərbaycandakı avtomobil bazarına təsiri olmamalı idi: “Amma bazarın özünün qaydaları var və avtomobil qiymətlərini daim artırmaq mümkün deyil. Çünki insanların alıcılıq qabiliyyəti məsələsi burada özünü büruzə verir. Əgər insanların alıcılıq qabiliyyəti ilə bazar arasında uyğunsuzluq yaransa, qiymətlər bir müddətdən sonra azalmağa doğru gedəcək. Ona görə ki, gətirdiyi avtomobili sata bilməyən iş adamı pul qazana da bilməyəcək. Məncə, hazırkı təlatümlü dövrdə avtomobil almaq istəyənlər 1 ay, ay yarım gözləsinlər ki, bazarda tənzimləmə işə düşsün”.

Bəzi rayonlara qar yağdı – Faktiki hava

Yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Göyçayda 21 m/s, Göygöldə 20 m/s, Goranboyda 19 m/s, Şəmkir, Şamaxı, Yevlax, Şabran, Naftalan, Tərtər, Mingəçevir, Ağdamda 18 m/s, Lerikdə 17 m/s, Yardımlı, Bərdədə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Qar örtüyünün hündürlüyü Lerikdə 7 sm, Ordubadda 4 sm, Sarıbaş (Qax), Şahdağda 2 sm, Əlibəydə (Zaqatala) 1 sm olub. Düşən yağıntının miqdarı Ordubadda 17 mm, Lerikdə 15 mm, Naxçıvanda 12 mm, Biləsuvar, Culfada 10 mm, Şahbuzda 8 mm, Yardımlı, Sarıbaş(Qax), Şərur, Balakən, Astara, Şəki, Zaqatala, Gədəbəy, Lənkəran, Sədərək, Şahdağ, Tovuz, Ceyrançöl, Gəncə, Oğuzda 6 mm-dək olub. Qəbələ, Qrız, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Sumqayıtda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 1-5 dərəcə isti, dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta, aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək. 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Dövlət Turizm Agentliyi 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş verir - Adama 20 litr düşür - ŞOK

Dövlət Turizm Agentliyi "Qərbi Azərbaycan Mətbəxinin təqdimi" adlı tədbir keçirmək niyyətindədir. Açıq tenderin məlumatlarına əsasən təxmin edə bilərik ki, tədbir üç gün davam edəcək, amma əsas tədbir 12 saatlıq banket olacaq. Banketdə 150 nəfər qonağın iştirakı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Vəliyev məlumat yayıb. "Bununla belə, Agentlik 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş vermək niyyətindədir", - o qeyd edib. Beləliklə, hər adama 20 litr araq düşür. 

Kəlbəcərdə şaxta nəfəsi kəsir: Şəlalələr dondu - Fotolar

Qış fəsli ölkəmizdə sərt üzünü göstərməyə başlayıb. Təbiətin soyuq nəfəsini ən çox hiss edən bölgə isə Kəlbəcər rayonudur.  Sozcu.az xəbər verir ki, son günlər Kəlbəcərdə havanın temperaturu kəskin enib, qar yağıb, şaxta güclənib. Soyuq hava şəraiti ilə əlaqədar olaraq çaylar donub, şəlalələr buz bağlayıb.  Kəlbəcərdən çəkilən şəkillər sosial şəbəkələrdə maraqla qarşılanıb.  Kəlbəcərin soyuq qışının nişanəsi olan həmin fotoları təqdim edirik: 

“O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili yardım isə Azərbaycan səhiyyəsidir”

Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsində 15 yaşlı yeniyetmə 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Sosial şəbəkələrdə yeniyetmə üçün çağırılan təcili tibbi yardımın gəlməməsi geniş müzakirə olunur. Hadisə ilə bağlı tanınmış həkim-radioloq Aydın Əliyev də yazıb. Sozcu.az xəbər verir ki, A.Əliyev sosial şəbəkə hesabında ölkə səhiyyəsini tənqid edib: “Abşeron rayonu Masazır qəsəbəsində 15 yaşlı uşaq 2-ci mərtəbədən yıxılaraq yerə düşüb, ağır dərəcəli bədən xəsarəti alıb, çoxsaylı sınıqları, travmaları olub. Hadisə yerinə çağırılan təcili tibbi yardım heyəti 1,5 saat ərzində xəsarət alana çatmayıb, valideynləri məcbur qalaraq özləri uşağı xəstəxanaya aparıblar, uşaq çox miqdarda qan itirib, hal-hazırda vəziyyəti ağırdır. O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili tibbi yardım isə azərbaycan səhiyyəsidir. Biz dəfələrlə ölkədəki tibbi xidmətin düzgün təşkil edilmədiyini işıqlandıranda bəziləri bizi qınayır. İndi baxın və qiymət verin, o yıxılan uşaq hər birimizin övladı ola bilər. Həkimlərin, tibb işçilərinin fəaliyyətinə düzgün qiymət verilmədikcə belə halların sayı artacaq. Əhalinin sağlamlığına cavabdeh olan tibb məmurları tibb işçilərinə dəyər vermədikcə tibbi böhran dərinləşəcək. Yalandan bir neçə örnək klinika və örnək həkim göstərməklə bu problem həll olmayacaq. Ölkədə açıq-aşkar getdikcə dərinləşən tibbi böhran var, gənc həkimlərin xarici ölkələrə beyin axını sürətlənir, yuxarı ranq tibb məmurları isə komfort həyat sürür. Biz deyirik, ancaq gözardı edilir, bunun sonu yaxşı olmayacaq!”

Laçında həlak olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub. Sozcu.az-ın məlumatına görə, onlardan biri Axundov Səxavət Fərasət oğludur. Qeyd edək ki, həlak olan hərbçilərə şəhid statusu veriləcək.

Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti qalxıb. “Yeni Sabah” paytaxtdakı satış mərkəzlərindən siqaretlərin yeni qiymət siyahısını əldə edib. Bütün növ siqaretlərin qiymətində 0.20-0.50 qəpik bahalaşma qeydə alınıb.  Qiymət artımı, əsasən, aşağıdakı markalarda baş verib. Həmin markaların həm əvvəlki, həm də yeni qiymətlərini təqdim edirik: “Winston” – 3.80/4; “Winchester” – 2.90/3.10; “LD” – 3.20/3.40; “Pall Mall” – 2.90/3.10; “Kent” – 4/4.20; “Rothmans” – 2.90/3.10; “Sobranie” – 4.30/4.50; “Keno” – 2.40/2.60; “Argo” – 2.20/2.40; “West” – 2.70/2.90; “Prima” – 2.40/2.60; “Bakı” – 2.20/2.40; “Kingston” – 2.30/2.50;

Adı şagirdlərin zəhərlənməsində keçən şirkət nazirliyə 14 milyonluq ərzaq satacaq

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub. Sozcu.az xəbər verir ki, “TAİS-İKF” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək. Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 14 milyon 311 min 289 manat 65 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC - 30.06.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. Məlumat üçün bildirək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir-sıra qalmaqallarda hallanıb. Ötən ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. “TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliten” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin  təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.(yeniavaz.com)