Rusiya Federasiyasına təzyiqlərin artırılması "Şahid" terrorunun qarşısını almağın yoludur.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, dünəndən etibarən Rusiya Ukraynanın müxtəlif bölgələrinə 200-dən çox zərbə dronu və imitasiya dronu ilə hücum edib. Bundan əlavə, idarə olunan aviasiya bombaları da istifadə olunub. Odessa, Zaporojye, Sumı, Kiyev, Xmelnitski və Çerniqov vilayətləri atəşə məruz qalıb.
Zelenskinin sözlərinə görə, rusların Odessa vilayətinə kütləvi hücumları nəticəsində ticarət mərkəzində və mağazalarda yanğınlar baş verib, çoxmərtəbəli bina zədələnib. Üç uşaq yaralanıb. Zaporojyedə isə Rusiya aviasiya bombalarına görə altı nəfər xəsarət alıb, onlardan biri dörd yaşlı uşaqdır. Adi yaşayış evləri və avtomobillər zədələnib. Zərərçəkənlərə yardım göstərilir, fövqəladə xidmətlər işləyir.
"Rusiya üzərində birgə təzyiqin artırılması, sanksiyaların sərtləşdirilməsi və dövlətimizin müdafiə dəstəyinin gücləndirilməsi bu terrorun və Rusiyanın müharibəni uzatmasının qarşısını almaq yoludur. Biz ABŞ, Avropa və bütün tərəfdaşlarımızdan Rusiyaya real təzyiq gözləyirik. Məhz bu, diplomatiyanın işləməsinə imkan yaradacaq", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında verdiyi məlumata görə, bu gecə 114 Rusiya dronu vurulub, 81 imitasiya dronu hədəfinə çata bilməyib.
Xüsusilə, 21 mart 2025-ci ilə keçən gecə (20 mart saat 20:00-dan etibarən) 214 "Şahd" tipli və müxtəlif tipli imitasiya dronları ilə hücum həyata keçirilib.