Zaurun, Xoşqədəmin, Elçinin reklam etdiyi məhsullar zay çıxdı

Ölkəmizdə ən çox alınan məhsullardan olan bəzi kolbasa və sosiskaların üzərində qeyd edilən məlumatlarla tərkibi uyğun gəlməyib. 

Bu faktlar Qida Təhlükəsizliyi Agentlyinin kolbasa və sosiska məhsullarının monitorinqi zamanı üzə çıxıb. 

Monitorinq zamanı “Səhliyalı” firmasının “Servelat” kolbasasında mal əti qeyd edildiyi halda tərkibində toyuq DNT-si aşkarlanıb. “Kəndli” adı ilə satılan kolbasanın isə içərisindən bəyan edilmədiyi halda, donuz əti aşkarlanıb. “Köhnə Dad” adlı kolbasada, ”Sevimli Dad” və “Halal 5+” sosisqalarında isə üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. 

Sözügedən kolbasa məhsullarının reklamını isə vaxtaşırı sosial məzmunlu verilişlərdə görürük. Bu məhsullar teleməkanın ən reytinqli verilişlərində - Zaur Baxşəliyevanın, Elçin Əlibəylinin, Xoşqədəm Hidayətqızının proqramlarında da tez-tez reklam olunur.

Bəs görəsən, nöqsan aşkarlanan markaları efirlərdə reklam edən teleaparıcılar bu məsələdə hər hansı məsuliyyət daşıyırmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan media üzrə ekspert, hüquqşünas Ələsgər Məhəmmədoğlu bildirib ki, bu məsələdə media nümayəndələri heç bir hüquqi məsuliyyət daşımır: 

“Telekanallarda olan reklam əmtəə məhsulunun reklamıdır, məhsulun keyfiyyətinə yönəlik bir reklam deyil. Dolayısıyla media qurumlarına təqdim olunan, hüquqi şəkildə qeydiyyatdan keçmiş, vergisini ödəyən, legitim olan istənilən qurum reklam verə bilir və o reklamı da istənilən media qurumu yaya bilir. Çünki o reklamdan da vergi ödəyəcək. Burada hər hansı formada reklam olunan məhsulun sonradan keyfiyyətinə yönəlik hər hansı problem çıxıbsa, media bunda cavabdehlik daşımır. Bunu düşünmək belə mənasızdır. Çünki medianın elə bir öhdəliyi yoxdur ki, öncə məhsulu keyfiyyət kontrolu etsin, sonra reklam etsin. Məsələ bu aspektdən düşünülə bilməz”. 

Ekspert qeyd edib ki, AQTA-nın apardığı bu monitorinq daha çox bəzi markaları gözdən salmaq alətinə bənzəyir: 

“Mən Qida Təhlükəsizliyi Agentliyinin yanaşmasına da şübhəli baxdım. Əgər istənilən halda bir monitorinq aparılırsa, məhsullar laboratoriyaya göndərilirsə, birinci bununla bağlı cəmiyyətə daha detallı və aydın informasiya verilməlidir, datalar çox aydın şəkildə göstərilməlidir. Əgər monitorinq aparılırsa, istisnasız olaraq bütün markalar yoxlanılmalıdır, bundan sonra həmin markalar arasında hansında problem olub, hansında olmadığı göstərilməlidir. Əgər AQTA 5 markanın adını çəkirsə, bu, həmin markaları gözdən salmaq üçün alətə daha çox oxşayır, nəinki sistemli monitorinqə. Cəmi 5-6 markanın adını çəkmək markanı etibarsızlaşdırmaqdır və hesab edirəm ki, dövlət qurumu bu məsələdə Konstitusiyanın 25-ci maddəsi (bərabərlik hüququ) baxımından da problem yaradır”. 

Share on Facebook