Zamin Salayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq .
Martın 30-da saat 14:00-da Qaradağ rayon məhkəməsində 51 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin həbsdə olan sədri Zamin Salayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılacaq.
Bu barədə “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.
İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.
Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.
Sozcu.az