Materik Ukraynanı işğal altındakı Krım yarımadasına birləşdirən Çonqar körpüsünə zərbə endirilib.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi teleqramda açıqlayıb.
“Müdafiə qüvvələri iyulun 29-da səhər saatlarında Çonqar körpüsünə uğurla hücum edib”, - məlumatda qeyd olunub.
Lakin hərbçilər nə hücumun, nə də onun fəsadlarının təfərrüatlarını paylaşıblar.
Xatırladaq ki, Rusiya tərəfindən Xerson vilayətinin qondarma administrasiyasının rəhbəri təyin edilmiş Vladimir Saldo iyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayəti ilə Krım arasındakı dəmir yolu istiqamətində 12 uzaqmənzilli “Storm Shadow” raketi buraxdığını bildirib.
Saldonun sözlərinə görə, raketlər zərərsizləşdirilib və onların qalıqlarının düşməsi cüzi ziyana səbəb olub.
Eyni zamanda, Ukrayna mətbuatı Çonqar boğazından keçən körpü yaxınlığından uzanan tıxacların fotolarını yayıb.
Qeyd edək ki, Çonqar üzərindən keçən yol Krımdan Melitopola və daha sonra Ukrayna ordusunun hazırda irəliləməyə çalışdığı cənub cəbhəsinə gedən ən qısa yoldur.