Ukraynalı nazir Rusiyanın minlərlə yetim uşağı oğurladığını açıqladı: “Bununla açıq şəkildə lovğalanırlar”

“Rusiya bütün genişmiqyaslı müharibə dövründə işğal olunmuş ərazilərdən 16 207 uşaq çıxarıb, həmçinin tam və ya qismən yetim olan 4 390 uşağı oğurlayıb”.

Bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk bildirib.

Telemarafon zamanı o qeyd edib ki, Ukrayna prokurorluqdan, kəşfiyyat xidmətindən və digər mənbələrdən aldığı bu hallarla bağlı bütün məlumatları Beynəlxalq Cinayət Məhkəməsinə ötürür.

Üstəlik, Vereşşukun sözlərinə görə, rusiyalılar özləri də Ukraynada oğurlanmış uşaqların Rusiyada övladlığa götürülməsi barədə məlumat verdikləri zaman faktiki olaraq törətdikləri cinayətləri etiraf etmiş olurlar.

“Onlar uşağı qaytarmaq əvəzinə, övladlığa götürürlər və açıq şəkildə də bununla lovğalanırlar. Bununla da qeyd edilən faktları bütün dünyaya nümayiş etdirirlər ki, bu halda da əlavə sübuta ehtiyac qalmır”, - deyə Vereşşuk vurğulayıb.

Vereşşuk əlavə edib ki, uşaqların Ukraynaya qaytarılması üçün beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiqini artırmaq, sanksiyaları gücləndirmək lazımdır. O qeyd edib ki, həmçinin Rusiya “soyqırımı cinayətini törədənləri məsuliyyətə cəlb etmək” ittihamı üzrə məsuliyyətə cəlb edilməlidir.

Mənbə: ZN.ua

Share on Facebook