Ukrayna ABŞ-dan aldığı "Petriot" sistemi ilə Rusiyanın hipersəsli "Kinjal" raketini vurdu...

Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, ilk dəfə olaraq Putinin "əlçatmaz" raketini vurub

"Ukrayna xalqını bu tarixi hadisə münasibətilə təbrik edirəm!.."

"Kinjal" raketi bu yaxınlarda Ukraynaya tədarük edilən Amerikanın "Petriot" sistemi ilə vurulub...

Ukrayna Hava Hücumundan Müdafiə sistemi ilk dəfə olaraq Rusiyanın hipersəsli "Kinjal" X-47 raketini vurub. 

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı general Nikolay Oleşşuk bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.

"Ukrayna xalqını bu tarixi hadisə münasibətilə təbrik edirəm! Bəli, biz "analoqu olmayan" "Kinjal"ı vurmuşuq!" - o Teleqram-kanalında yazıb. 

Oleşşuk dəqiqləşdirib ki, bu, Kiyev vilayətində mayın 4-də gecə hücumu zamanı baş verib. X-47 raketi Rusiya ərazisindən MiQ-31K təyyarəsindən buraxılıb, o, bu yaxınlarda Ukraynaya tədarük edilən Amerikanın "Petriot" sistemi ilə vurulub.

"Kinjal"ı xatırladan vurulan raketin qalıqları haqqında məlumat Ukrayna mətbuatında hələ dünən üzə çıxıb. Lakin rəsmi şəxslər bu məlumatları təkzib edib.

Oleşşuk isə yazıb ki, vaxtından əvvəl informasiyanı dərc etmək lazım deyil, çünki düşmən bundan istifadə edilə bilər:

"Biz nəyi, harada, nə ilə və nə zaman vurduğumuz haqqında mütləq danışacayıq! Bunu vaxtı çatanda edəcəyik". 

Ötən ilin avqustunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Rusiya Ukraynada döyüş əməliyyatlarında üç dəfə hipersəsli "Kinjal" raketindən istifadə edib.

"Və hər üç halda o, özünün gözəl xüsusiyyətlərini göstərib", - Şoyqu bəyan edib.

Onun sözlərinə görə, "həm hipersəsli, həm bu cür sürətə malik, həm də belə nüfuzedici imkanlarl olan" raket hələ heç kimdə yoxdur, "Kinjal"ı nə aşkar etmək, nə də ələ keçirmək mümkündür. 

"Kinjal" qanadlı yox, aeroballistik raketdir. İndiyədək Ukraynanın HHM sistemləri bu tip raketlərə qarşı faktiki olaraq aciz olub.

Lakin mütəxəssislər iddia edir ki, "Petriot" sistemi bu tip raketləri vurmaq qabiliyyətinə malikdir.

Share on Facebook