"Tıxacla bağlı heç bir ciddi dəyişiklik olmayacaq. Bu, həlli nəzərdə tutulmayan məsələdir. Ona görə ki, bu istiqamətdə ciddi şəkildə müzakirə də aparılmır".
Sozcu.az xəbər verir ki, bunu unikal-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bunun müxtəlif yolları var və qısa müddətdə həll etmək olar:
"Sanki kimlərsə tıxacın olmasında maraqlıdır. Dəfələrlə bu məsələni qaldırmışıq. Tıxac uzun illərdir Bakının əsas problemlərindən birinə çevrilib. İnfrastruktur elə qurulub ki, dəyişmək mümkün deyil və buna niyyət də yoxdur. Dünyada belə proseslərin həlli istiqamətində çıxış yolları axtarılır".
Oktyabrın 1-dən taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra vəziyyətin necə olacağına gəlincə, deputat qeyd edib ki, yeni vəziyyətin yaranacağı absurd fikirdir:
"Guya taksilər dayansa nə olacaq? Buna taksi fəaliyyətinin inhisarçılıq baxımından başqa istiqamətə yönəlməsi üçün düşünülmüş addım kimi də baxıla bilər. Bu, qiymətlərə təsir edəcək. Bu məsələdə çox ümidli olmağa dəyməz. Tıxac davam edəcək və daha fəlakətli vəziyyətdə olacaq".