Təhsil Tələbə Krediti Fondu yaradılanda həm onun müsbət tərəflərini qeyd etmişdim, həm gələcəkdə yaradacaq risklərində bildirmişdim ki, bu sahədə kredit siyasətinin konturları dəqiq və ciddi cızılmasa, gələcək üçün başqa bir problemin əsası qoyula bilər.
Sozcu.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
O fikirlərini belə əsaslandırıb: "İnkişaf etmiş ölkələr belə bu mexanizmlə oxuyan tələbələrin xeyli hissəsi sonra kreditlərini qaytara bilmir. Azərbaycan kimi inkişaf etməkdə olan ölkərdə bu mexanizm əla fürsətlər açsa da, amma 20-25 il sonra üçün ciddi risklər yaradır.
Ona görə yenə bu mövzuya toxundum ki, ABŞ Prezidenti Co Bayden 804 min amerikalı tələbənin 39 milyard dollar borcunu silib.
Bütün dünyada iş imkanlarına görə birinci olan ölkədə 3 milyondan çox insan tələbə olarkən aldığı kreditləri qaytara bilmirsə, indi inkişaf etmiş ölkələrdə bu proses qaçmaq olacaqmı?
Çətin!
Həm də elə bilməyin ki, Amerika 39 milyardla bu problemi həll etdi. Xeyr!
Çünki, hələ 5 il əvvəl, 2018-ci ilin sonlarına doğru ABŞ-da ödənilməmiş ali təhsil kreditlərinin həcmi 1 trilyon 465 milyard dollara çatmışdı. İndi bəlkə də 2 trilyonu haqlayıb.
Odur ki, tələbələr həvəsə düşüb kreditin yaratdığı riskləri dərk etməyə bilər, amma həm dövlət, həm valideynlər bu məsələyə çox çiddi yanaşmalıdır", - ekspert sosial şəbəkə hesabında vurğulayıb.