Hakim “Gürcü arzusu” partiyası “Xalqın Gücü” ictimai hərəkatı ilə birlikdə “xarici agentlər haqqında” qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.
Sozcu.az xəbər verir ki, bu haqda Gürcüstan mətbuatı məlumat yayıb.
Bundan öncə səhər saatlarında polis və xüsusi təyinatlılar Tbilisidə etirazçıları böyük çətinliklə dağıdıblar.
“Biz cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hökumət olaraq heç bir qeyd-şərtsiz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik”, - bəyanatda belə deyilir.
Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-də qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət parlament önündə aksiyaya başlayıb.
Gürcüstandakı ABŞ səfirliyi bu günü "demokratiyanın qara günü" adlandırıb.
Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.
Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib.
Bundan sonra ictimaiyyət etiraz aksiyalarına başlayıb.