Səddam Hüseyn rejiminin məhvindən sonra İsrailə birbaşa təhdid yaradan daha bir ərəb rejimi çökdürüldü.
Suriyada bundan sonra nələr ola biləcəyini təxmin etmək üçün İraqda 2003-cü ildəki ABŞ işğalından sonra baş verənlərə nəzər salmaq lazımdır. Bənzər model Suriyada da tətbiq oluna bilər. İsrail xarici işlər naziri də məhz buna - federallaşmaya işarə edərək kürd faktorunun vacibliyini xüsusi vurğulayıb. Hələlik dəqiq bilinən budur ki, İraqdakı kimi, Suriyada da güclü mərkəzi hökumət mövcud olmayacaq.
İsrail hazırda Suriya ərazisində demilitarizasiya (Əsəd ordusunun bütün silah-sursat və hərbi texnika ehtiyatının məhvi) tədbirləri həyata keçirməklə bu hərbi potensalın istər yeni hökumətin, istərsə də ayrı-ayrı qrupların əlinə keçməsi ehtimalını aradan qaldırır. İsrail boşluqdan yararlanaraq Qolan təpələrində 1974-cü ildə razılaşdırılmış bufer zonasını, xüsusən Şamın ovuc içi kimi göründüyü strateji əhəmiyyətli Hermon dağını da nəzarətə götürüb. Bu da Suriyada istənilən perspektivə qarşı özünü sığortalamaq deməkdir.
Əsədin devrilməsi ilə İranın İraq və Suriya üzərindən Livana açdığı quru dəhlizi kəsilmiş oldu. İrandan Aralıq dənizi sahilinə uzanan "şiə ayparası" dağıldı. Xərclənən milyardlarla dollar, verilən itkilər boşa çıxmış oldu. Suriyanı itirən İranın bölgədəki qol-budaqlarının doğranması davam edəcək. "Hizbullah"ın darmadağın edilməsindən sonra növbənin Yəmən və İraqdakı "Ənsərullah" və "Haşdi Şabi" qruplaşmalarına çatdığını söyləmək mümkündür. Diplomatik müstəvidə hər hansı anlaşma əldə olunmasa, sonda isə yəqin ki, birbaşa İran özü hədəf alınacaq.
Xarici siyasət və təhlükəsizlik sahəsində əldə olunan bu uğurlar İsrail baş naziri Netanyahunu daxildə hüquqi təqibdən xilas edə bilməyib. Bu gün o, korrupsiya, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısında şahid qismində ifadə verib. Vəkillərin prosesin təxirə salınması barədə vəsatətini rədd edən hakimlər baş nazirin həftədə 3 dəfə məhkəməyə gəlib ifadə verməsi barədə qərar qəbul ediblər.
Şahin Cəfərli, politoloq