Son vaxtlar sosial şəbəkələrdə yerli adlarla açılan profillər vasitəsi ilə edilən dələduzluq halları artıb. Xüsusən “Facebook” və “Telegram” kimi platformalarda istifadəçilərə Azərbaycan dilində şirnikləşdirici reklam mesajları və linklər göndərilir. Lakin belə saxta linklər şəxsi məlumatların oğurlanması və bank hesablarının ələ keçirilməsi ilə nəticələnir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan İT üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, vətəndaşlar sadəcə 1 nüansı hər zaman yadda saxlamalıdır:
“Bunlar əslində mesaj deyil, reklama qoyulan postlardır. Ona görə də sosial şəbəkələrdən istifadə edən hər bir istifadəçinin qarşısına bu çıxır. Burada aldanmaq istəməyənlər sadəcə bilməlidir ki, pulsuz heç nə olmur. Yəni insanlar bilməlidir ki, sosial şəbəkələrdə müftə yolla heç kim onlara pul verməyəcək. Bunun üçün sadəcə ayıq olmaq və şəxsi anlayış lazımdır. Əks təqdirdə belə şeylərin qarşısını texniki olaraq almaq mümkün deyil”.
Vahid Qasımov qeyd edib ki, belə paylaşımlar kütləvi formada iqnor (qara siyahıya atmaq) edilməlidir:
“İqnor zamanı belə paylaşımlar bəzən silinir, bəzənsə yox. Bəzi şikayətlər istifadəçilər tərəfindən kütləvi edilsə də, sosial şəbəkələr bunu rədd edir. Bu daha çox sosial şəbəkələrdən asılıdır. Paylaşımın məzmunu Azərbaycan dilində olduğuna görə sosial şəbəkə adminləri spam səbəbini dəqiq başa düşmür. Gərək külli miqarda insan eyni postu dəfələrlə şikayət etsin ki, botlar da həmin postu silsin. Ona görə də insanlar kütləvi formada belə postları şikayət etməlidir”.