SN: Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır

Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir.

Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib. Onun sözlərinə görə, tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır:

"Onkoloji xəstəliklər - tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda, tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən çoxdur.

Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər.

Siqaret çəkən qadınlarda fertillik (münbitlik) zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən qadınlarda ağırlaşmalar, vaxtından əvvəl doğuş, normadan aşağı çəkili yenidoğulmuşlar, ciftin vaxtından əvvəl ayrılması, uşaqlarda qəflətən ölüm sindromu və anadangəlmə anomaliyalar riski yüksəkdir. Bundan başqa, daha sonra uşaqlarda öyrənmə zəifliyi, hiperaktivlik, davranış pozuntuları, gələcəkdə bronxial astma riski yüksək olur".

Həkim deyib ki, tibdə xroniki tütünçəkmə tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Bu, heç də zərərsiz bir vərdiş deyil ki, insan onu asanlıqla tərgitsin. Tütünçəkmədən imtina üçün təkrari müdaxilələrin və cəhdlərin göstərilməsi tələb olunur:

"Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə - ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə adətən qapalı yerlərdə baş verir, lakin açıq havada da baş verə bilər. Üçüncülü tütünçəkmə - tütünçəkməni qutarandan sonra otaqda uzun müddət qalan nikotin qalıqları və digər kimyəvi maddələr ilə nəfəs alınmasıdır. Otaqda nikotin qalıqları və digər kimyəvi maddələr məkandakı əşyaların müxtəlif səthlərində qala bilər.

Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Passiv siqaret çəkənlərin məruz qaldığı duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır - yanan siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan.

Bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər sağlamlıq problemlər yaşanılır. Əsasən uşaqlarda orta qulaq iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s. müşahidə olunur".

Həkim qeyd edib ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən və intensivliyindən asılıdır.

Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı mərhələlərlə başlayır:

• İlk 20 dəq ərzində qan təzyiqi normallaşır;

• 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır;

• 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir;

• 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir;

• 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır;

• 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır;

• 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur.

Share on Facebook