Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri ilə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.
Hər ay şəkər xəstələri qeydiyyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək dərmanları almalı olur.
Yenisabah.az-a daxil olan şikayətdə bildirilir ki, artıq 9 aydır ki, pulsuz diabet testi və insulinin verilməsində ciddi problemlər yaşanır.
Şikayətçi Nazim Xancanov qeyd edib ki, Bakının Binə qəsəbəsi, 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz insulin və şəkər ölçən cihazla təmin olunmasında ciddi problemlər var:
"Şəkər xəstələrinin vurduğu insulinin birini verib, digərini verməmək günah deyilmi?! Xəstə həmin dərmanların ikisini də qarışdırıb vurmalıdır. Xəzər rayonu, Binə qəsəbəsi, 29 saylı poliklinikada 9 aydır ki, şəkər testi xəstələrə verilmir. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı ən qısa zamanda tədbir görməlidir".