“Həmin kadrları izləyəndə ölüb-dirildim, məhv oldum”
Ermənistanda əsir götürülən Azərbaycan əsgəri Hüseyn Axundovun amansız işgəncələrə məruz qalmasını əks etdirən görüntülər şəhid ailələrinin də hiddətinə səbəb olub. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman hərbçilərimizin anaları Hüseynin ailəsinə dəstək verərək, onların tək olmadıqlarını, eyni hisləri yaşadıqlarını bildiriblər.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Modern.az-a açıqlamasında deyib ki, Hüseynin internetdə yayılan videosu ona çox pis təsir edib.
“Ermənilərin əsgərimizə o cür rəftar etməsi şəhid anası olaraq mənə pis təsir etdi, düşünürəm ki, övladı şəhid olan bütün analar eyni hissi yaşayıb. Öz övladımın şəhid olması mənə necə təsir edirsə, hər bir ananın balasına zülm olunması da mənə elə təsir edir. Müharibə qələbəmizlə bitsə də, yenə şəhidlərimiz olur, əsgərlərimiz ermənilərə əsir düşür. Nə demək olar? Allah Hüseyn balamızın köməyində olsun, anasına səbir versin”, - Səmayə Həşimova vurğulayıb.
Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli Azərbaycan əsgərlərinin ermənilərə əsir düşməsinə məyus olduğunu söyləyib.
“O kadrları izləyəndə ölüb-dirildim, ağladım, məhv oldum. Şəhid olmaq ayrıdır, əsir düşmək tamam ayrı. Şəhid olanda bilirsən ki, daha yoxdur, gözün yoldan kəsilir, amma əsir kimi düşmən əlində olmaq və ananın övladının incidildiyini bilməsi çox ağırdır. O ananın halını təsəvvür edə bilirəm. Övladlarımıza biri tərs baxanda adam dəli olur. O ki qaldı onun düşmənin əlində olduğunu biləsən. Bunu düşünmək belə insanı məhv edir. Dəhşətdir, Allah heç kimə göstərməsin. Allah o anaya səbir versin. Eyni şey başıma gəlsəydi, bəlkə də, mənim ürəyim dayanardı. Mən həmişə şükür edirəm ki, oğlum əsir düşmədi, sadəcə şəhid oldu. Ağır dərddir".
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.