Şəhid ailəsi dövlət qurumlarından narazıdır: “Hamı vəd verir”

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi şəhidi olan müddətdən artıq hərbi qulluqçu Fariz Məhəmməd oğlu Qurbanovun 3 nəfərdən ibarət ailəsi hələ də evlə - mənzillə təmin olunmayıb. 

Onu da nəzərə alsaq ki, şəhidin valideynləri yaşlı, hər ikisi də şəkər, təzyiq xəstədir və qəsəbənin ən son-ucqar nöqtəsində, elə də şəraiti olmayan həyət evində yaşayırlar, onların durumu daha da aydınlaşmış olur. 

Şəhidin atası Məhəmməd kişinin və anası Lətafət xanım səhhəti xüsusilə, son 3 ilə yaxın müddət ərzində - tək və subay oğullarının şəhidliyindən sonra daha da ağırlaşıb. Hər ikisi də dəfələrlə ölümlərdən dönüb, komaya düşüblər, həkimlərin müdaxiləsi nəticəsində son anda həyata qaytarılıblar. 

Şəhidin valideynlərinə, yaşlı və xəstə ata - anaya isə tək və heç bir yerdə işləməyən qızları baxır, qulluq edir və bütün ağırlıq, yük onun zərif, kövrək çiyinlərindədir. Evləri də qəsəbənin ən ucqar nöqtəsində (oradan sonra yaşayış demək olar ki, yoxdur və qəsəbənin mərkəzinə gedib-gəlmək ən azı 20-25 dəqiqəlik yoldur) olduğuna görə çox zaman həkim çağırmaq və yaxud valideynlərini qəsəbə poliklinikasına, rayon Mərkəzi Xəstəxanasına çatdırmaq onun üçün çətin olur. 

Şəhidin ailəsi, anası və bacısı Əfsanə Qurbanova ötən 3 ilə yaxın müddət ərzində dövlət qurumlarına - Əmək və Əhalinin Sosial Müdafiəsinə Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etsələr də, dəfələrlə adları çəkilən qurumların rəhbər şəxslərinin qəbullarında olsalar da, hər dəfə vədlər alsalar də, heç bir nəticə yoxdur. Onlar nə Goranboyda, nə Samuxda (şəhid və qazilər üçün salınmış şəhərçikdə), nə Gəncədə, nə də Naftalanda evlə-mənzillə təmin ediliblər. 

Şəhidin anası Lətafət xanımın dediklərindən:

“Övladım-tək oğlum cavan yaşında Vətən uğrunda canını fəda etdi, şəhid oldu. Oğlumla fəxr edir, qürur duyuram! Ancaq balamdan sonra həyatımız çökdü, alt-üst oldu…Bir oğul, o da həyatda yox…Yoldaşımın da, mənim də səhhətimdə illərdir problemlər var. Şəkərdən, qan təzyiqindən əziyyət çəkirik. İkimizin də yerişimiz çox çətindir. Yeriməkdə, hərəkət etməkdə çox çətinlik çəkirik…Xüsusilə, övladımızın Şəhidliyindən sonra səhhətimiz daha sa pisləşib…Vallah, bizimki yaşamaq deyil! bütün yük cavan qızımın çiyinləriə düşüb. O da heç bir yerdə işləmir. Elə bil hər yerdə iş quruyub. Evimiz də qəsəbənin ən ucqar yerindədir. Dəfələrlə həm mən, həm də yoldaşım komaya düşmüşük, ölümdən dönmüşük. Rayon xəstəxanasına gedib-gəlmək, yaxud, evə həkim çağırmaq isə saatlarla vaxt aparır…

Vəziyyətimizlə, durumumuzla bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə müraciət etmişik, qurumun rəhbər şəxslərinin qəbullarında olmuşuq. Yazıq qızım yollarda qalıb. Çox dəyərli, hər birimizin sevimlisi olan millət vəkili Qənirə xanım bizi qəbul edib, dinləyib, problemlərimiz aidiyyatı qurumlara çatdırılıb, ona da, bizə də söz verilib. Yanvar ayında Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin rəsmi şəxslərindən biri söz, vəd verdi ki, Samuxda mənzillə təmin olunacağıq, amma neçə ay gözlədik, səs çıxmadı. Qızım yenidən Sosial Xidmətlər Agentliyinə getdi, yenidən bizi qəbula yazdılar, qurumun rəhbəri ilə görüşdük, yenə söz verildi. Amma iki aya yaxın vaxt keçir, yenə ortada heç nə yoxdur. Dövlət başçımızın diqqət və qayğısı nəticədsində şəhid ailələrinin çoxu evlə-mənzilə təmin olunublar… Allah Prezidentimizi və dövlətimizi qorusun! 

Niyə belə ayrı-seçkilik edirlər? Vallah, dünya malında gözümüz yoxdur. Kaş balamız sağ olaydı, yenə kasıb həyatımıza davam edərdik, bizə heç nə lazım olmazdı. Amma balamın nə mənzil, nə də orden haqqı tanınıb…Niyə belə olmalıdır? Biz bu gün-sabah ölüb gedəcəyik, bəs tək qızımızın taleyi necə olacaq? Bilmirəm, şəhidimin dərdini çəkim, yoxsa, tək qızımın…

Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə üz tutaraq müraciət etmək istəyirəm ki, artıq yorulduq, bezdik, bizə söz, vəd lazım deyil, bizə konkret əməl lazımdır. Ya Goranboyda, ya Naftalanda, ya da Samuxda çox istəmirik - heç olmasa, bir otaqlı mənzillə təmin edilək. Bu, şəhidimin də, bizim də haqqımızdır”.

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

62d7218d5706803b304e8ddb4d13a5d9.jpg

Share on Facebook