Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumlardan birini həyata keçirib. Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətləri PUA hücumlarına məruz qalıb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, ən güclü zərbə Pskovdakı Müdafiə Nazirliyinə məxsus aerodroma endirilib. Rəsmi məlumatda hücumda neçə dronun iştirak etməsi bildirilməsə də, Rusiya Teleqram kanalları bunların 10-20 ədəd olduğunu yazıb.
Partlayışlar yerli vaxtla saat 23:40-da (Bakı vaxtı ilə 00:40) başlayıb və iki saata yaxın davam edib.
Pskov qubernatoru Mixail Venediktov hücum zamanı xəsarət alanların olmadığını deyib. Rəsmi məlumatda aerodromdakı 4 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin zədələndiyi təsdiqlənib. Pskovda Rusiyanın 76-cı qvardiya desant-hücum diviziyası yerləşir və bu təyyarələr də həmin divisiyanın ixtiyarındadır. Bu diviziya Ukraynanın Buça şəhərinin işğalında iştirak edib.
Rusiya mətbuatı yazır ki, vurulan hər bir İl-76 təyyarəsinin qiyməti 5 milyard rubldur.
Hazırda aerodrom avqustun 31-nə kimi bağlı elan edilib. Pskov şəhərində diversantların axtarışı ilə bağlı “Edelveys” planı tətbiq olunub.
Bundan başqa, Bryansk vilayətinə də PUA hücumu edilib. “Baza” yazır ki, dronlardan biri “İsgəndər” və “Pantsir”lər üçün komplektlər istehsal edən Rusiyanın ən böyük mikroelektronika müəssisəsi olan “Kremniy EL” zavoduna düşüb. Zavodun 16-cı korpusunda yanğın baş verib. Daha iki PUA isə “Drujba” neft bazasına hücuma cəhd edib. Bryansk qubernatoru Aleksandr Boqomaz hücum zamanı xəsarət alanların olmadığını deyib.
Avqustun 30-u gecə saatlarında Orlov vilayətinə də PUA hücumu edilib. Vilayətin qubernatoru Andrey Klıçkovun sözlərinə görə, hücum 2 dron tərəfindən həyata keçirilib.
Eyni zamanda Kaluqa və Ryazan vilayətlərinə də PUA hecumu həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi hər iki vilayətə hücum edən PUA-ların məhv edildiyini bildirib.
Moskvanın Ruzsk rayonunda da bir PUA zərərsizləşdirilib.
Tula vilayətində də partlayışlar baş verib. Yerli Teleqram kanallarının məlumatına görə, bütün region ərazisində PUA hücumları səbəbindən “Xalça” planı tətbiq olunub.