“Əlbəttə, Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu rejimlə bağlı digər şərtlərlə yanaşı, Azərbaycana qarşı cinayət törətmiş və axtarışda olan şəxslərin təhvil verilməsi şərtinin də irəli sürülməsində biz haqlıyıq...”
“Mən Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti orada ola-ola Qarabağdakı separatçı terrorçuların Azərbaycana təhvil veriləcəyi ilə də bağlı optimist deyiləm. Ola bilsin ki, azərbaycanlıların qətlində iştirak etmiş hansısa kiçik çaplı cinayətkarlar təhvil verilsin. Hərçənd, bu da real görünmür”.
Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Rusiyanın Yuxarı Qarabağın bir hissəsində faktiki hərbi mövcudluğu şəraitində Azərbaycanın danışıqlar zamanı irəli sürdüyü şərtlərə uyğun olaraq separatçı-terrorçu rejim Araikləri, Bakoları, Qukasyanları, Balasanyanları və s. bizə doğrundan da təhvil verəcəkmi?” sualını cavablandırarkən ifadə edib.
“Erməni terrorçularının həbsi daha çox Azərbaycanın müvafiq qurumlarının özünün bilavasitə müstəqil şəkildə keçirdiyi əməliyyatlarla mümkündür. Deyək ki, məsələn, onlar Qarabağdan çıxarkən, Laçın sərhəd-buraxılış məntəqəsindən keçərkən kiçik çaplı cinayətkarları ələ keçirə bilərik. Amma Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi böyük çaplı terrorçulara, cinayətkarlara gəldikdə Rusiya “sülhməramlı”larının onların Azərbaycanın əlinə keçməsinə şərait yaradacağını, imkan verəcəyini düşünmürəm. Əlbəttə, Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu rejimlə bağlı digər şərtlərlə yanaşı, Azərbaycana qarşı cinayət törətmiş və axtarışda olan şəxslərin təhvil verilməsi şərtinin də irəli sürülməsində biz haqlıyıq. Və biz buna ümid edə bilərik, bunun üçün çalışa bilərik. Lakin bu o demək deyil ki, digər şərtlərlə yanaşı, terrorçuların təhvil verilməsi də baş tutacaq. Mənə bunlar inandırıcı görünmür”- deyə ekspert davamında bildirib.