Bu sual Ukrayna müharibəsi ilə bağlı hər kəsi maraqlandıran əsas suallardan biridir.
Bu gün Rusiya “Telegram” kanallarında adının çəkilməsini istəməyən diplomatik mənbəyə istinadən bu mövzuda maraqlı məlumat yayılıb. Rusiyalı həmin mənbə bildirib ki, Kursk hadisələri ilə əlaqədar Moskvanın nüvə silahına əl atması mümkün deyil. O deyib ki, nüvə silahının tətbiqi beynəlxalq səviyyəli fövqəladə hadisə olar və Moskva bu addımın həm dünya siyasətinə təsirlərini, həm də nüvə dövlətlərinin mövqeyini nəzərə almalıdır.
“Rusiyanın tərəfdaşları Çin və Hindistan ümumiyyətlə, bu məsələnin qoyuluşuna qarşıdırlar. Vaşinqtonun mövqeyi məlumdur – onlar bu halda qeyri-nüvə xarakterli zərbə ilə cavab verəcəklər. Britaniya isə Ukraynaya taktiki nüvə silahı verməyi nəzərdən keçirəcək” – deyə həmin mənbə əlavə edib. Onun sözlərinə görə, hərbi əməliyyat zonasında taktiki nüvə silahının tətbiqi Ukrayna ordusunun kapitulyasiyasına səbəb olmayacaq və Rusiyanın ciddi təcridinə, ağır beynəlxalq böhranın yaranmasına aparıb çıxaracaq.
Bir rusiyalı təhlükəsizlik eksperti isə bildirib ki, Rusiya rəhbərliyi nüvə silahının tətbiqini nəzərdən keçirmir və bu mövzu yalnız publisistikada mövcuddur.
Öz tərəfimdən əlavə edim ki, hazırda ATACMS taktiki ballistik raketləri ilə Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi üçün Kiyev və Vaşinqton arasında danışıqlar gedir. Bu gün Kiyevə gələn ABŞ senatorları – demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem Kursk əməliyyatına tam dəstək ifadə edərək Ukraynaya hər cür silahın verilməsi üçün Baydenə təzyiq göstərəcəklərini bildiriblər.
Şahin Cəfərli, politoloq