"Avropa Şurası Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsini qətiyyətlə pisləyir və Ukraynaya tam dəstək verdiyinu bəyan edir..."
Avropa İttifaqı Ukraynaya dəstək Bəyannaməsini razılaşdırıb və Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə verilən orderi "nəzərə alıb"
Avropa İttifaqı ölkələrinin liderləri martın 23-də Brüsseldə (Belçika) sammit keçirərək, o cümlədən Ukraynaya bundan sonra da dəstək verilməsi məsələsini müzakirə edib.
Sozcu.az xəbər verir ki, bu barədə "qordonua.com" internet nəşri məlumat yayıb.
Görüşün yekunlarına dair Bəyannamə qəbul edilib.
"Avropa Şurası yenidən Rusiyanın Ukraynaya qarşı BMT Nizamnaməsinin açıq-aşkar pozulması olan aqressiv müharibəsini qətiyyətlə pisləyir və Avropa İttifaqının beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə, onun Rusiya təcavüzündən özübümüdafiə hüququna sarsılmaz dəstəyini xatırladır", - bəyanatda deyilir.
İclasda Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna üçün döyüş sursatlarının birgə satınalınmalarını təsdiq edib, bəyanatda deyilir.
Avropa İttifaqı həmçinin BMT Baş Assambleyasının 23 fevral 2023-cü il tarixli qətnaməsini alqışlayır və prezident Vladimir Zelenskinin sülh düsturunu dəstəkləyir.
Avropa ölkələrinin liderləri yenidən bəyan edib ki, Rusiya Federasiyası öz təcavüzünə son qoymalı və öz qoşunlarını Ukraynanın bütün ərazisindən dərhal və tamamilə çıxarmalı, Ukraynada mülki nüvə obyektlərinə təhlükə törədən hərəkətlərə son qoymalı, habelə deportasiya edilən ukraynalıların, o cümlədən uşaqların geri qaytarılmasını təmin etməlidir.
"Bu kontekstdə Avropa Şurası bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti və uşaq hüquqları üzrə müvəkkilinin Ukrayna uşaqlarının Ukraynanın işğal edilən rayonlarından Rusiyaya qanunsuz deportasiyası hərbi cinayətinə görə həbsinə verilən orderləri nəzərə alır", - sənəddə deyilir.
Avropa Şurası Haaqada Rusiyanın Ukraynaya qarşı cinayətlərinə görə Beynəlxalq məhkəmə təqibi mərkəzinin, habelə Rusiya tərəfindən Ukraynaya vurulan ziyanın qeydə alınması mexanizminin yaradılmasını dəstəkləyir.
"Avropa İttifaqı əvvəlkitək Rusiyaya kollektiv təzyiqin, o cümlədən bundan sonra da mümkün məhdudlaşdırıcı tədbirlər və tərəfdaşlarla birlikdə neftin qiymətinin
məhdudlaşdırılması işinin davam etdirilməsi vasitəsilə saxlanılması və gücləndirilməsinə sadiqdir", - bəyanatda deyilir.
Avropa Şurası həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasının vacibliyini vurğulayıb.