Rusiya Belqorodu müdafiə edə bilmir - Malyar

Rusiyanın Belqorod vilayətində baş verən son hadisələrdən sonra ruslar Ukraynada döyüş meydanına göndərilən qüvvələrin yenidən qruplaşdırılması məsələsi ilə üzləşiblər.

Sozcu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib.

"Ruslar qüvvələrini yenidən qruplaşdırmaq məsələsi ilə üzləşiblər, çünki Belqorod vilayətindəki vəziyyəti sakitləşdirmək üçün indi buna ehtiyac var. Onlar faktiki olaraq bütün qüvvələrini Ukrayna cəbhələrinə göndəriblər", - nazir müavini söyləyib.

Malyar Belqorodda baş verənlərin Ukrayna ilə bağlı olmadığını vurğulayıb:

"Bu, yalnız onların daxili işi ola bilər".

Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər.

Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb.

Ukrayna baş verənləri vətəndaş müharibəsi adlandırıb və bununla əlaqəsi olmadığını bildirib.

Share on Facebook