Rusiyadan olan analitiklər və siyasi ekspertlər NATO-nun Rusiya Federasiyasına mümkün təcavüzü ssenarisini nəzərdən keçirdikdən sonra etiraf ediblər ki, Rusiya NATO-nun kütləvi raket zərbələri baş verəcəyi təqdirdə onları dəf etməyə hazır deyil.
Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın “Business Insider” nəşri məlumat yayıb.
Bundan əvvəl Rusiya KİV-ində “ehtimal olunan düşmənin” Rusiyanın mühüm obyektlərinə güclü raket zərbələri endirməsinin hipotetik ssenarisini araşdıran araşdırmalar meydana çıxıb. Sadə dillə desək, NATO qoşunları Rusiya terrorçularının Ukraynaya hücumunda istifadə etdikləri taktikadan istifadə edirlər. Və rusiyalı “ekspertlər” belə bir ssenarinin Rusiya üçün fəlakətlə nəticələnəcəyi ilə razılaşırlar.
Araşdırmada qeyd edilir ki, NATO-nun tətbiq etdiyi kütləvi zərbələr strategiyası Rusiyanı cavab olaraq nüvə silahından istifadə etməyə məcbur edə bilər. Məqalənin sonunda müəlliflər Rusiya Aerokosmik Qüvvələrinin missiyalarını və avadanlıqlarını genişləndirməyi tövsiyə edirlər. Xüsusilə, rusiyalı mütəxəssislər daha təkmil pilotsuz uçuş aparatlarının və digər silah növlərinin (ehtimal ki, süni intellektdən istifadə etməklə) hazırlanmasını tələb edirlər.
Rusiyalı analitiklərin məqaləsini şərh edən "Business Insider" onun peyda olmasını NATO ölkələrinin “Şimal reaksiyası 2024” adlı irimiqyaslı hərbi təlimlərə başlaması ilə əlaqələndirir. Norveç, İsveç və Finlandiyada keçirilən 11 günlük təlimdə 20 mindən çox hərbçi, 50 gəmi və 100 təyyarə iştirak edir. Bu hərbi manevrlər daha böyük “Steadfast Defender 24” təliminin bir hissəsi kimi keçirilir.