“Xüsusi karantin rejimi çərçivəsində tədbirlərin yumşaldılması prosesinin davam etdirilməsi mümkündür. Buna görə də Operativ Qərargah tərəfindən quru sərhədlərin açılması müzakirə edilən məsələlərdəndir. Bizim təklifimiz budur ki, gələn aydan etibarən mərhələli şəkildə quru sərhədlərin açılması reallaşsın. Hər halda Operativ Qərargah Azərbaycanda, eləcə də qonşu ölkələrdə yoluxma sayına uyğun olaraq bu istiqamətdə qərar verəcək”.
Bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, quru sərhədlərin açılması həm də iqtisadi baxımdan vacib məsələdir: “Çünki bu, nəticə etibarilə həm ölkəyə gələn turistlərin sayına təsir göstərir, həm də Azərbaycan vətəndaşlarının daha rahat və asan səfər imkanı deməkdir. Ölkəyə gələn turistlərin 70%-i qonşu ölkələrdən gəlir. Pandemiyadan əvvəl Azərbaycana gələn tursitlərin sayı 3,2 milyon nəfər idi. Azərbaycanın turizm gəlirləri isə 2,8 milyard dollar idi. Bu baxımdan quru sərhədlərin açılması həm də turizm və xidmət sektorunun gəlirlərinin artması üçün vacibdir. Biz də təklif edirik ki, Operativ Qəragahın regiondakı epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin mərhələli şəkildə açılması məsələsinə baxması məqsədəuyğun olardı”.