“Qızını pullu fakültədə oxutmur, amma ona bahalı cehiz alır” - Məşhurlardan etiraz

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi geridə qalıb. Dövlət sifarişli yerlərin azlığı ənənəvi problemi yenidən qabardıb. Pullu ixtisaslara qəbul olan gənclər təhsillərini davam etdirə biləcəklərmi? 

Araşdıranda aydın olur ki, universitetlərə qəbul olunan, ancaq ali təhsil almaqdan imtina edən gənclər əsasən dövlət sifarişi ilə təhsil almaq imkanından məhrum olan, başqa sözlə, pullu təhsil almağa məcbur olanlardır. 

Bəziləri bundan ötrü qohum-qardaşından borc alır, banklardan kredit götürür, bəziləri qızıl-zinət əşyalarını, evinin xalça-palazını, qapısının mal-qarasını satır, axır ki, o məbləği düzəldir. Bəziləri isə buna görə övladını, xüsusilə qızlarını oxumağa qoymur.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Fatma Mahmudova bildirib ki, son illər valideynlərin böyük əksəriyyəti qızlarını oxutmaqda maraqlıdırlar:

“Son illər valideynlər demək olar ki, hamısı qızlarına təhsil vermək istəyir, buna can atırlar. Başda mən olmaqla, ətrafımdakı hər kəs bunun tərəfdarıdır. Özüm də hər iki qızıma ali təhsil vermişəm. Ərə getməyin təhsilə heç bir dəxli yoxdur. Onsuz da onu istəyən oğlan təhsili olsa da, olmasa da alacaq. Belə şeylərə qarışmağı çox sevmirəm, amma təhsil də önəmlidir. Təhsil almaq cinsindən asılı olmayaraq hər bir övlad üçün vacibdir. Təhsil insanın gözünü açır, dünyagörüşünü artırır. Həyatda layiqli yer tutma bilməsi üçün üçün mütləq övladına təhsil verməlisən”.

Uzun illər ölkə televiziyalarında ən reytinqli sosial verilişlərin eksperti olmuş jurnalist Seymur Verdizadə məsələyə özqünəməxsus formada münasibət bildirib. Onun sözlərinə görə Azərbaycan insanının ən böyük faciəsi olduğu kimi görünmək istəməməkdir:

“Həyatda yüzlərlə, sosial şəbəkələrdə minlərlə dost-tanışım var, əksəriyyət özünü intellekt sahibi kimi göstərməyə çalışır. Hə 6-7 il əvvəl sosial məzmunlu verilişlərə çıxanda küçədə-bazarda qarşılaşdığım adamlar mənə həmin verilişlərdən şikayət edirdilər. Qəsdən onları sorğu-sual edirdim, söhbət əsnasında məlum olurdu ki, iki saatlıq verilişə əvvəldən axıra kimi baxıb, bir saniyəsini belə nəzərdən qaçırmayıb. Sadəcə cəmiyyət içində özünü ziyalı, intellektual adam kimi göstərmək üçün ailə-məişət mövzularını aşağılayır. Halbuki özü bir nömrəli məişət adamıdır”. 

S.Verdizadə deyib ki, cəmiyyətdə sənət adamlarına münasibətdə də eyni tendensiya müşahidə olunur. Onun sözlərinə görə, insanlar sosial şəbəkələrdə söydükləri adamlarla toylarda, el şənliklərində ehtiramla görüşür, onlara öz simpatiyalarını bildirməkdən çəkinmirlər: 

“Bir dəfə ANS televiziyasında Vasif Məhərrəmli ilə debata çıxmışdım. Çox səmimi müzakirəmiz oldu. Veriliş efirə gedəndən sonra 3-4 nəfər mənə zəng edib müğənni ilə efirə çıxdığım üçün narazılığını bildirdi. Öz təbirlərincə desək, mənə bir “manıs”la yanaşı dayanmağı rəva görməmişdilər. İnanın, 3 gün sonra həmin adamlardan birinin toyda Vasif Məhərrəmli ilə ehtiramla görüşdüyünü, hətta arvad-uşağını başına yığıb onunla xatirə şəkli çəkdirdiyini gördüm”. 

Jurnalist deyib ki, hələ də Azərbaycanda bəzi ailələrdə qız övladlarına evdəki artıq əşya kimi baxırlar. Çox adam ciddi-cəhdlə bu “əşya”dan qurtulmaq istəyir:

“Hələ də anlaya bilmirəm ki, qızına 2500 manata telefon alan ata niyə ildə 2500 manat verib onu pullu fakültədə oxutmaq istəmir. Övladının təhsil alması üçün 2500 manatından keçmək istəməyən valideyn onu ər evinə köçürəndə 12 500 manatlıq cehiz alır. Sözsüz ki, bunda qızından çox özünü düşünür, istəyir ki, qonşular onun övladına necə bahalı cehiz verdiyini görsünlər. Bu cür geridəqalmış düşüncədən xilas olmadıqca, körpə fidanlarımız erkən evliliyin qurbanına çevriləcəkdir”. 

Share on Facebook