“Rusiyanın torpaqlarımızda “sülhməramlı” adı altındakı hərbi varlığı çox davam edə bilməz...”
“Azərbaycan dövlətçiliyi üçün təhdidlər aradan qaldırılmalıdır...”
“Ermənilər Azərbaycanın Qarabağ torpağını 30 il yalnız işğal altında saxlamadılar. Həm də burada yaşayan əhaliyə bölücülük , separatizm aşıladılar. Və bunu zəhərli, sağalmaz xəstəliyə çevrilmiş bir ideologiya halına gətirdilər. Qarabağı biz işğaldan tamamilə qurtara bilərik, amma separatizmi, onu özünün həyat fəlsəfəsi və gələcəyinin təminatı hesab edən kütlənin qafasından çıxarmamız çətin olacaq. Sovet höküməti kimi 70-80 il inzibati metodlarla da bunu edə bilməyəcəyik. Neçə ki, Qarabağın bu hissəsində erməni əhali qalır, biz hər zaman separatizm təhdidi ilə üzləşəcəyik”.
Ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bu fikrini dilə gətirib.
“24 saatlıq antiterror tədbirinin ardınca bu bölgədə separatçı ünsürlərin təmizlənməsi gəlməlidir. Separatçı qurumun keçmiş və indiki "rəhbərləri" həbs edilməlidir. Azərbaycan dövlətçiliyi üçün təhdidlər aradan qaldırılmalıdır. Bəlli zaman içərisində Azərbaycan dövlətinin yurisdiksiyasına keçmiş şəhər və kəndlərdə, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və başqa iri yaşayış məntəqələrində dövlət orqanlarımız fəaliyyət göstərməlidir. Rusiyanın bu ərazidəki torpaqlarımıza “sülhməramlı” adı altında yeridilmiş hərbi varlığı çox davam edə bilməz. Bölgədə münaqişə aradan qalxmışsa, rusların burada işi qalmayacaq”- deyə davamında alim vurğulayıb.