Qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın “istefa” verməsindən sonra tanınmamış “DQR”də “prezident seçkiləri”nin birinci turu sentyabrın 9-da “parlament”in növbədənkənar sessiyasında keçiriləcək.
Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, “namizədlər”in irəli sürülməsi dünən başlayıb və ayın 7-də başa çatacaq:
“Dünən heç bir “fraksiya” “namizəd” irəli sürmədi, lakin sentyabrın 8-də “milli məclis”in “sədr”i Davit İşxanyan irəli sürülmüş “namizədlər”i açıqlayacaq. Daha sonra isə üç gün ərzində “seçki” keçiriləcək. Birinci mərhələdə “namizəd”liyini irəli sürən şəxs “parlament”dəki “deputat”ların 2/3-nin - 22-sinin səsini toplamalıdır”.
Qəzet iddia edir ki, hər şey qaydasında getsə, separatçı rejimin “təhlükəsizlik şurası”nın “katib”i Samvel Şahramanyanın birinci turda “prezident” seçiləcəyi istisna edilmir:
“Amma o, “parlament”dəki “müxalifət”i nəzərə almalı və onun seçilməsi müqabilində müəyyən rıçaqlardan imtina etməlidir. Yeri gəlmişkən, yaxın günlərdə “müxalif qüvvələr”də həm komandadaxili, həm də partiyadaxili məsləhətləşmələrin raundu elan olunub. Beləliklə də ikinci turda sadə səs çoxluğu kifayət hesab olunacaq”.
“Hraparak” onu da əlavə edib ki, Ermənistan hökuməti Araik Arutyunyanın “istefa”sında Ruben Vardanyanın böyük rol oynadığına əmindir. Məlumata görə hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları bu barədə bəyanatlar verib, Vardanyanın əvvəlki “vəzifə”sinə qayıtması ilə bağlı şayiələr yaysalar da, Xankəndidəki separatçı xuntaya məxsus “rəsmilər” əmin edib ki, Vardanyan yeni qurulan “hökumət”də vəzifə tutmayacaq. Qondarma “DQR”də Araik Arutyunyanın qohumlarından birinin “dövlət naziri” təyin ediləcəyi də istisna edilməyib.