Qafar Çaxmaqlı: “Torpaqlarımızın ermənilər tərəfindən işğalında bu ölkənin payı olub”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və bu əsnada verdiyi bəzi açıqlamalar ictimai rəydə geniş müzakirələrə səbəb olub.

Moderator.az-a açıqlama verən ermənişünas alim, professor Qafar Çaxmaqlı Ərdoğanın ölkəmizə səfəri fonunda baş verənlərlə bağlı maraqlı fikirlər səsləndirib, mövcud reallıqlara diqqət çəkib:

“Türkiyə prezidenti  Ərdoğan  Azərbaycandan dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən Zəngəzur koridoru ilə bağlı bu fikirləri söyləmişdir: “Zəngəzur Koridoruna gəlincə, bu Ermənistanla bağlı bir problem deyil. Zəngəzur koridoru İranla bağlı bir problemdir”.

Qardaş ölkə rəhbərinin bu fikri həm Ermənistanda, həm də İranda qızğın müzakirələrə səbəb olmuşdur. Ermənistanlı politoloqların əksəriyyəti Ərdoğanın bu mövqeyini  son zamanlar Ermənistan baş nazirinin sərgilədiyi siyasətə bağlayırlar. Nikolun Ərdoğanın inaqurasiya tədbirinə qatılaraq  Türkiyə-  Ermənistan münasibətlərinin normallaşdırılması üçün iradə nümayiş etdirməsi və Azərbaycanla barış anlaşması yolunda Azərbaycanın 86,6 min kavadratkilometrlik ərazisini tanımaq kimi bəyanlarından başlayaraq son Moskva görüşündən sonra bölgənin kommunikasiya xətlərinin açılması məsələsində tutduğu mövqeyə qədər bütün bunlar  Paşinyanın ölkəsinin maraqlarını  təhlükələrə tərk etməmək addımı kimi  qiymətləndirilir. Özəlliklə Zəngəzurdan Naxçıvana, oradan da Türkiyəyə uzanacaq dəmir yolu və quru yolun  salınmasına qarşı çıxmanın mənasız olduğunu bu ölkədə nəhayət  anlamışlar.   Paşinyan erməni diasporunun və içəridəki Türk düşmənlərinin təzyiqi ilə  Zəngəzur dirənişini davam etdirə bilməzdi. 44 günlük savaşdan sonra Ermənistanın imzaladığı  10 noyabr 2020-ci il üçtərəfli Bəyannamədə bu koridorun açılması öhdəliyi var və Ermənistanın uzun zaman saxta arqumentləri işə yaramadı. Azərbaycanın “xoşla olmasa bu yol açılacaq”  qərarlığı da öz işini gördü. Həm də bu dəhlizin açılmasında maraqlı beynəlxalq güclər və dövlətlər var.  Rusiyanın özü də bu xəttin fəaliyyət göstərməsinə indi daha çox maraqlıdır. 2020 də qəbul edilmiş  Bəyannamənin 9-cu bəndində açıq yazılmışdır ki, Ermənistan ərazisindən keçməklə bu  koridor, ya da yol ( onu necə adlandırmağın mənası yoxdur ) açılmalıdır və ona nəzarəti isə Rusiya Federal Təhlükəsizlik xidməti aparmalıdır. Ermənistan isə bu öhdəliyi yerinə yetirməlidir!  Ermənistanın bu dəhlizin açılması ilə bağlı mövqeyi uzun zaman ziddiyyətli olmuşdu , ən son zamanlara qədər  belə bir mövqe sərgiləməkdə idilər ki, dəhlizin açılmasına maraqlıyıq, amma ona nəzarət Ermənistana məxsus olmalıdır. Bəzən də bu dəhlizin açılmasına izin verməyəcəklərini bəyan edirdilər.  Bəzi erməni politoloqlar da  indi bu fikrə gəliblər ki, Ermənistanı bu məsələdə ürəkləndirən İran idi  və məsələnin kökündə nəyin , hansı məqsədin durmasından asılı olmayaraq, İran bu bölgədə hər hansı dəyişikliyin özünün “ qırmızı çizgisi” elan etməsiydi. Hələ də Ermənistanda İranı Azərbaycan və Türkiyəyə qarşı siyasətdə etibarlı müttəfiq görənlər var.  Çünki İran bütün münaqişə dövründə Ermənistanın yanında olmuş və torpaqlarımızın işğalında onun da payı olduğunu hər kəs bilir. Savaş günlərində belə Ermənistana yardımlarını dayandırmadı. 

İran Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini, güclü bir Azərbaycan dövlətinin olmasını sadəcə olaraq istəmir. Zəngəzurdan koridorun açılmasını, bu yolun hardasa türk dünyası üçün önəmli bir  əlaqə vasitəsinə çevrilməsini həzm edə bilmir.  Erdoğan “Zəngəzur koridoru İranla bağlı bir problemdir” deyərkən  çox haqlıdır. Son zamanlarda İranın Azərbaycanla bağlı apardığı siyasətin, gərginliyə səbəb olan bir çox olayların mayasında bu dururdu. Müharibəni uduzmuş, özünə havadar axtaran Ermənistanı da öz tərəfinə çəkməklə  İran Türk Dünyasının birləşməsindən , gücə çevrilməsindən  çox qorxduğuna görə bu ölkəyə önəm verməyə başlamışdı.

İran bir müddət öncə  tarixi İpək Yoluna “alternativ” layihəsini ortaya atmışdı . Çin- Hindistan-  İran- Ermənistan- Gürcüstan- Bolgarıstan yolu  təklif edilirdi ki, bu da Ermənistanı şirnikləndirmişdi və uzun müddət Ermənistanın siyasi elitası bunun üzərində “baş  sındırmağa” başlamışdılar. Adı çəkilən ölkələrdən gələn dövlət yetkililəri də bunu ciddi şəkldə müzakirə etməyə başlamışdılar. Bu səbəbdən də Ermənistan Zəngəzur dəhlizi məsələsində ziddiyyətli bəyanatlar verir və bəzən bunun heç zaman gerçəkləşməycəyi ilə bağlı  bəyanlarında bulunurdu. Ermənistandakılar anlamırdılar ki, Zəngəzur dəhlizinin və digər komunikasiya xətlərinin açılması ilk növbədə Ermənistanın özünün iqtisadi gəlişməsinə və bölgə dövlətləri ilə inteqrasiyaya gedəcəyinə dəlalət edəcəkdir. İndi anlamağa başlayırlar ki, bu mənasız dirəniş çoxlu vaxt itkisinə və ekonomik olaraq zərərə səbəb olmuşdur. Moskva görüşündən sonra artıq üç ölkənin -Rusiya, Ermənistan və Azərbaycanın baş nazirləri səviyyəsində oluşdurulan Komissiya müəyyən irəliləyişlər əldə edib və indi Ermənistan zərərin yarısından qayıtmaq üçün addımlar atmağa başlamışdır. 

İndi Ermənistanda bəziləri deyirlər ki, Azərbaycanın Qərb rayonlarını Naxçıvana bağlayacaq dəmir yolunın Türkiyəyə, İğdıra uzanmasına ermənistan razı olmamalıdır. Bu xətti  əvvəlcə İran xəttinə, sonra İrəvan- Gümrüyə, oradan da Qarsa birləşdirmək gəlir mənasında Ermənistan yeni imkanlar verə bilər və danışıqlar prosesində Ermənistan  bunu şərt olaraq ortaya atmalıdır. Qəribədir ki, İran da bu fikri dəstəkləməkdədir, Zəngəzur məsələsində irəlidə yeni sürprizlərlə qarşılaşa bilərik. Bu fikir də əslində İranın fikridir, İğdıra dəmir yolu uzanacaqsa İranın Culfa dəmir yolunun bir anlamı qalmayacaq. Ona görə də Naxçıvandan Türkiyəyə uzanacaq dəhlizə qarşı çıxmağa başlayıblar.  Ermənistan bu fikri təlqin edən yenə İrandır. Sayın Ərdoğan deyəndə ki,  “Zəngəzur problemi  İranla bağlı bir problemdir”, yəqin ki,  bizim bildiyimiz və bilmədiyimiz bir çox cəhətləri nəzərdə tutur”.

Share on Facebook