Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib. Mesajda deyilir: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”.
Sozcu.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu Kremlin Vaşinqton görüşü ilə bağlı mövqeyini şərh edib. Onun fikrincə, Putin bu mesajıyla demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun, eləcə də Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır.
"Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. Ancaq Kreml məsələləri qarışdırır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq", - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünə münasibət bildirib. Kreml rəsmisi deyib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına istənilən yardımı alqışlamaq olar, ancaq Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmalar əsasında.
“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin aradan qaldırılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik barışıq sazişini dəstəkləyəcək başqa hüquqi əsaslar yoxdur. Ona görə də bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.