Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anım günüdür.
Sozcu.az xəbər verir ki, bu barədə şəhidin bacısı Kəmalə Haşımova sosial şəbəkə hesabında yazıb:
"Xəyanətə və misilsiz cinayətə açılan 14 iyul sabahı. Tanrının Azərbaycana bəxş etdiyi dəyərin şəhidliklə əbədi doğulduğu tarix. Ölümüylə əfsanəyə dönən, Azərbaycanın 105 illik və əbədi cümhuriyyət tarixində öz torpaqları üçün səngərdə şəhid edilən ilk və tək Paşası. Əsl Generalın, əsl insanın, əsl qəhrəmanın necə olduğunu göstərən adam. Qisasın qiyamətə qalmasın! Qatillərinə və xainlərə ölmək üçün yalvarmalarını arzu edirəm. Səninlə bərabər bütün şəhid qardaşlarımızın ruhuna ehtiram və salam olsun".
Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olub.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə və Bakı şəhərinin küçələrindən birinə Polad Həşimovun adı verilib.
Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına yeni park salınıb.