Paşinyanın Qarabağın Azərbaycana məxsus olmasını etiraf etməsindən bir gün sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan əksər deputat bu fikirlə razı olduğunu bildirib. Onlar Qarabağın Azərbaycana məxsus olduğunu açıq və dolayı yolla təsdiqləyiblər.
Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, deputatlar Qarabağın Azərbaycana verilməsində Paşinyanın yox, onun sələflərinin günahı olduğunu söyləyiblər.
Erməni nəşri yazır ki, hakim partiyanın sədri Hayk Konjoryan müxalifəti ittiham edərək deyib ki, onlar Qarabağın müstəqilliyini erməni xalqının mənafeləri uğruna satıblar, lakin buna baxmayaraq, 30 ildə keçmiş hakimiyyət qondarma DQR-in müstəqilliyini rəsmi formada tanımayıb.
Qəzetin məlumatına görə, iqtidar partiyasının digər bir üzvü Lilit Stepanyan isə Azərbaycanın Qarabağda gördüyü işlərə məftunluğunu gizlədə bilməyib:
“Niyə 30 il ərzində Azərbaycanın Qarabağda gördüyü işlərin yarısını siz etməmisiniz?”.
Akop Aslanyan isə müxalifətin bostanına daş ataraq, bəyan edib ki, illərcə erməni xalqının haqqını yeyən və varlanan oliqarxlar bu gün üsyan etmək istəyir:
“Bir şey həqiqətdir ki, siz hakimiyyətə gəlməyəcəksiniz, çünki o güc Nikol Paşinyan deyil, o güc xalqdır və xalq o gücü xalq üçün istifadə edənlərə verib. Tarix özü bunu göstərəcək, vaxt gələcək və hər şey aydın olacaq”.