Paşinyan “Artsax” liderlərini İrəvandan qovur

Separatçı rejimin “rəhbər”i Samvel Şahramanyanın İrəvanda müşavirə keçirməsi və digər məsələlərlə yanaşı, Ermənistan hakimiyyətinə qarşı tənqidlər səsləndirməsi, eləcə də mübarizənin davam etdiriləcəyindən danışması Ermənistanın siyasi rəhbərliyini qəzəbləndirib. 

Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Qəzet yazır ki, Nikol Paşinyan S. Şahramanyanın bu çıxışından sonra Qarabağdan Ermənistana köçən sıravi erməniləri sosial yardımdan məhrum etməklə onlardan qisas almaq qərarına gəlib: 

“Bu gün Paşinyan iqtidarı tərəfindən “Artsax”ın sürgündəki “hakimiyyət”inə təzyiqlər başlayıb. Hakimiyyət sosial yardımları kəsməklə “Artsax” ermənilərini hədələyib. Hətta bəzi məlumatlara görə, Baş nazir Nikol Paşinyan Samvel Şahramanyanın sərt tənqidlərindən sonra Ermənistana gələn Qarabağ ermənilərinin sentyabr ayı üçün nəzərdə tutulan sosial yardımlarının ödənilməməsi əmrini verib”. 

KİV onu da əlavə edib ki, İrəvan separatçıların maliyyələşdirilməsini dayandırmağa qərar verib. Belə ki, Ermənistan hakimiyyəti İrəvandakı qondarma “Artsaxın nümayəndəliyi”ni və “Artsaxın Operativ Qərargahı”nı da ləğv etmək qərarına gəlib. 

Məlumata görə, Paşinyanın İrəvana sığınan “Artsax liderləri”nə qarşı münasibətini daha da sərtləşdirmək niyyətindədir. Baş nazirin özünə yeni problemlər yaratmamaq üçün separatçı “lider”lərlə bağlı kifayət qədər sərt qərarlar qəbul etməsi gözlənilir. Hətta bu sıraya onların üçüncü ölkəyə göndərilməsi də daxildir. 

Qeyd edək ki, başda Samvel Şahramanyan olmaqla, Vitali Balasanyan, Samvel Babayan, Karen Sarkisyan və digər separatçıların İrəvana sığındığına dair məlumatlar var. 

Share on Facebook