“Necə olur, Biləsuvardan istədiyin qədər məhsul keçirə bilirsən, Culfadan yox?

İranla həmsərhəd Culfa sərhəd-keçid məntəqəsində 3 kiloqramdan artıq ərzağın keçirilməsinə qadağa qoyulduğu bildirilir.

Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.

Onlar deyirlər ki, bundan əlavə, gətirdiklər məişət avadanlıqlarına görə də onlardan qanunsuz pul alınır. Keçid məntəqəsinin fəaliyyətindən şikayət edənlər əsasən, gündə 4 dəfə həyata keçirilən və İran ərazisindən keçən Naxçıvan-Bakı-Naxçıvan avtobus reyslərinin sərnişinləridir.

Ordubad rayon sakini M. Əsgərov deyir ki, Naxçıvan tərəfindən fərqli olaraq, Biləsuvardakı sərhəd-keçid məntəqəsindən Bakıya istənilən qədər ərzaq keçirmək mümkündür:

“Əslində, Naxçıvan blokadadadır deyə, ərzağa məhdudiyyət qoyulmamalıdır. Təəssüf ki, tam əksinədir. Necə olur ki, Biləsuvar tərəfdən istədiyin qədər məhsul keçirmək olur, Naxçıvana isə yox? Məgər, Naxçıvanda Azərbaycan qanunları işləmir? Avtobusla Bakıya gedərkən, oradakı qohumlar üçün İrandan xeli ərzaq almışdım, keçid məntəqəsindən rahatlıqla keçirdim. Naxçıvana qayıdarkən düşündüm ki, eyni qanunlar bu Culfada da işləyir. 10-15 kilo ərzaq aldım ki, evə aparım. Çünki İranda Naxçıvana nisbətən 3-4 dəfə ucuzluqdur. Lakin bizimkilər buraxmadı. Dedilər ki, 3 kilodan artıq olmaz. Gömrük işçiləri əlimdəki ərzaqları alıb, müsadirə etdilər”.

Şahbuz rayon sakini B. Quliyev isə deyir ki, 200 manatlıq məişət avadanlığını Naxçıvana buraxmaq üçün ondan 50 manat rüsum tələb ediblər:

“Qanunla min manatdan yuxarı dəyəri olan məişət avadanlıqları üçün rüsum alınmalıdır. İrandan alıb Biləsuvar vasitəsi ilə Azərbaycana keçirəndə, bu qanun nəzərə alınır. Naxçıvan isə, sanki başqa ölkədir. 50 manatlıq əşyaya da rüsum alırlar. Bu yaxınlarda İrandan 200 manatlıq məişət ləvazimatı alıb Naxçıvana keçirdim. Dedilər ki, 50 manat rüsum ödəməlisən, yaxud da geri qaytar. Başıma az qala hava gələcəkdi. Məcbur olub, dediklərini ödədim. Əvəzində qəbz istədim, güldülər mənə. Dedilər ki, biz qəbz vermirik”.

Share on Facebook