Müsavat rəhbərliyi aidiyyəti qurumlara çağırış etdi: "Sifarişçilər və icraçılar cəzalanmalıdır"

Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı Müsavat Partiyasının rəhbərliyi dövlətin aidiyyəti qurumlarına terrorun sifarişçiləri və icraçılarının tapılaraq ciddi cəzalandırılması ilə bağlı çağırış ediblər. 

Müsavat Partiyasının başqanı Arif Hacılı, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğunun hər kəsə məlum olduğunu bildirərək,  bu faktın və Fazil bəyin sosial media üzərindən açıq təhdid edilməsinin ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ip ucları verdiyini deyib. 

Müsavat başqanı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində hərtərəfli araşdırılmalı, terrorun sifarişçiləri və icraçıları tapılaraq ciddi cəzalandırılmalıdır.  Əks halda belə hadisələrə son qoyulmayacaq və bütün ölkəni əhatə edərək daha geniş miqyas alacaq.

Müsavat Partiyası baqşanının müavini Razim Əmraslanlı agentura şəbəkəsinin zərərsizləşdiriləsini tələb edir:

"Agentura şəbəkələri Kalaşnikov avtomatı ilə şəhərimizdə meydan sulayırlar."Bütün agentura şəbəkələri məhv edilməlidir"

Müsavat Partyasının başqan müavini Fərəc Kərimli ölkədə antiterror əməliyyatına ehtiyac olduğunu deyib: 

"Bundan öncə Azərbaycanda və Azərbaycana qarşı törədilən silahlı hücumları düşünmək olardı ki, bəlkə də təsadüfdür. Məncə Fazil Mustafaya atılan güllələrdən sonra deyəsən ölkəmizin bir çox yerində antiterror əməliyyatlarına ehtiyac var.  O qədər qudurublar ki, sosial şəbəkələrdən də açıq təhdidlər yağdırırlar".

Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb.  Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilib. Polis hadisə yerindədir.

Elşən Əlisoy

Sozcu.az

Share on Facebook