Dövlət Məşğulluq Xidməti aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi məqsədilə alınan heyvanların sayını və qiymətini açıqlamır.
Sozcu.az xəbər verir ki, hazırda aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi üzrə həyata keçirilən əsas tədbirlərdən biri ailələrin mal-qara və digər kənd təsərrüfatı aktivləri ilə təmin edilməsidir.
Bu məqsədlə Məşğulluq Xidməti davamlı olaraq tenderlər keçirir və böyük vəsaitlər sərf edərək inək, qoyun, keçi, təkə, arı aləsi və digər aktivlər alır.
Bu heyvanların əksəriyyəti ölkəyə xaricdən idxal edilir.
Sonuncu belə tenderin qalibi “Agro Best” QSC (VÖEN: 1405235391) olub. Həmin şirkət Məşğulluq Xidmətinə 73 milyon 575 min manatlıq idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər mallar satacaq.
Tenderin dövlət vəsaitləri hesabına keçirilməsinə baxmayaraq Məşğulluq xidməti bu vəsaitlə alınan heyvanların sayını və qiymətini açıqlamaqdan imtina edib. FED.az-ın bunnula bağlı sorğularına cavab olaraq Xidmət bu məlumatları açıqlanmayacağını bildirib.
Eyni qayda ilə Xidmətin əvvəlki tenderlərlə aldığı aktivlərin də sayı və qiyməti ictimaiyyətdən gizli saxlanılır.
“Agro Best” QSC 20.08.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2010 manatdır. Qanuni təmsilçisi Nahid Ələkbərov Kamil oğludur. Hüquqi ünvanı Az1007, Bakı şəhəri. Nəsimi rayonu, Feyzulla Qasımzadə ev 1, m 48.
Qeyd edək ki, Məşğulluq Xidməti ölkədə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayını, onların rayon və şəhərlər üzrə bölgüsünü, işsizlik müavinəti alanların sayını/bölgüsünü və verilən müavinətin məbləğini də ictimaiyyətdən gizli saxlayır.