“Mənzil oğurluğu ilə məşğul olanların öz “peşəkarlıqları” olur. Hansı evə girmək niyyətləri varsa, bəzən ülgücü ortadan bölüb qapıya qoyurlar, bəzən kibrit çöpü, yaxud dəftərxanada işlədilən “skrepka”. Oğruların “kəşfiyyat xarakterli” soyğunları çox olur. Özləri üçün qapıya nişanlar qoyurlar. İki gün sonra gəlib görürlər ki, həmin nişana toxunulmayıb. Deməli, evdə heç kim yoxdur".
Sozcu.az Pravda-ya istinadla xəbər verir ki, bunu “Polisə dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev deyib.
O əlavə edib: "Eynilə mənzillərin qapısında yığılıb alan qəbzlər də soyğunçular üçün bir işarədir. Bu, ev yiyəsinin mənzildə olmamasından xəbər verir. Təbii ki, belə “eyhamlar” vətəndaşın əmlakının talan edilməsinə şərait yaradır.
Sərhədlərin delimitasiyası kimi, bu da delimitasiyanın olmasıdır - “evdə heç kim yoxdur” nişanıdır. Belə halda oğrular sərbəst şəkildə qapıdan mənzilə daxil ola bilirlər.
Birinci mərtəbədirsə, pəncərədəki barmaqlıqları dağıdaraq da mənzilə keçmələri mümkündür. Ona görə də kommunalla bağlı qəbzlərin qapıya gəlməsi düzgün deyil. Buna birdəfəlik son qoymaq lazımdır”.
Ş. Əliyev bildirib ki, bəzi binalarda blokun qapısı kodlaşdırılıb: “Lakin kimsə aidiyyəti qurumların işçiləri üçün qapını açır. Bina sakinləri onların binaya necə daxil olduqlarını bilmirlər. Bütün bu şübhələrin qarşısını almaq üçün onlayn qaydaya keçmək, prosesi asanlaşdırmaq lazımdır. Bu şəkildə qapını döymək, vətəndaşlarla sıx təmasda olmaq korrupsiya əlamətləridir və qarşısı alınmalıdır.
Ümumiyyətlə, bu, sovetdən qalma adət-ənənədir. Artıq dünya inkişaf edir, innovasiya sahəsində müəyyən yeniliklər var. Kommunal ödənişlərin bu səpgidə həyata keçirilməsi qüsurludur. Su, qaz, işıqla bağlı qapıdan asılan qəbzlər sonradan itə bilər və vətəndaşa müvafiq qaydada cərimələr gələ bilər.
Belə halda vətəndaş çıxılmaz vəziyyətdə qalır. Məhkəmə təcrübəsində də belə hallara rast gəlinib. Ona görə də bir az xaotik mənzərə yaranır. Əvvəllər hətta mənzil istimar idarələri qapı-qapı düşüb, su pulu, qaz pulu yığırdılar. Bəzən çek də verilmirdi. Amma bu qədər problem də yaşanmırdı. İndi artıq vəziyyət o qədər qəlizləşib ki, aidiyyəti qurumlar öz səlahiyyətlərini müəyyən mənada yenə də köhnə qayda ilə həyata keçirirlər. Bu da kifayət qədər dövlət büdcəsinə daxilolmaların qarşısını alır.
Ona görə də bu, konstitusion vəzifəyə çevrilməlidir. Konstistusiyada bu barədə qeyd olunub. Vəzifəni icra edən şəxs kiminsə qapısını döyüb, “supulu” istəməli deyil. Mərkəzləşmiş, onlayn qayda olmalıdır. Bu prosedur qaydaları bütün dünyada həyata keçirilir”.