Laçında sərhəd-keçid məntəqəsi: Azərbaycanlılar erməniləri necə yoxlayacaq?

Mart ayının əvvəlindən Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə intensiv olaraq silah-sursat daşınıb. Rəsmi Bakı bunun qarşısını almaq üçün Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının vacibliyinə təkid edir. 

Əgər Azərbaycanın bu qanuni tələbi həyata keçərsə, onun işləmə mexanizmi necə olacaq? Ermənistanla hüdudda sərhəd-keçid və gömrük məntəqəsinin əməkdaşları Ermənistan vətəndaşlarını Azərbyacan ərazisinə buraxacaqmı? Axı formal olaraq bu ölkə ilə vizalı və ya vizasız gediş-gəlişin icazə verilməsinə dair heç bir sənəd yoxdur. Üstəlik, hazırda koronovirus pandemiyası ilə bağlı 3 ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlıdır.

Bəs Qarabağın Azərbaycan vətəndaşı sayılan erməni sakinləri Ermənistana necə gedib-gəlməlidir? Həm də Azərbaycan pasportuna malik olmadıqları halda...

Yenisabah.az-ın suallarını cavablayan politoloq Oqtay Qasımov deyib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması mexanizmi kifayət qədər araşdırma tələb edir və burada bir sıra spesifik məsələlər nəzərə alınmalıdır.

O aydınlaşdırıb ki, beynəlxalq qaydalara görə, dövlətlərin sərhədlərində sərhəd-keçid məntəqələri qurulanda orada ölkənin sərhədçiləri və gömrükçüləri ölkə ərazisinə daxil olan bütün şəxs və yükləri istisnasız olaraq yoxlayır, eləcə də terrorçu, yaxud "qara siyahı"da olmayan şəxslərdən başqa hər kəs ölkəyə buraxılır:

“Laçına dair məsələ isə bir az fərqlidir. Əlbəttə, orada əlavə tədbirlər görülə və bəzi istisnalar ola bilər. Amma böyük ölçüdə beynəlxalq qaydalar tətbiq olunmalıdır. Eyni zamanda, bu, ermənilərin öz ərazisində quracağı sərhəd-keçid məntəqəsindəki şərtlərə uyğunlaşdırılmalıdır”.

Siyasi təhlilçi onu da xatırladıb ki, 10 noyabr anlaşmasında qeyd olunan Laçın və Zəngəzur kommunikasiya xətlərində eyni standartların tətbiqi nəzərdə tutulub:

"Prezident İlham Əliyev 2021-ci il dekabrın 14-də Brüsseldəki üçtərəfli görüşdən öncə bu haqda belə bir bəyanat vermişdi: Zəngəzurda hansı status veriləcəksə, Laçında da həmin qaydalar tətbiq olunacaq və eyni status həyata keçiriləcək.

2020-ci ilin 10 noyabr bəyanatında nəzərdə tutulan məsələ Laçın yolundan humanitar məqsədlərlə istifadə edilməsi, eləcə də Qarabağda yaşayan erməni vətəndaşlarımızın Ermənistana gediş-gəlişinin rahat şəkildə həyata keçirilməsi ilə bağlı idi. Sərhəd-keçid məntəqəsi həmin bəyanatda qeyd olunmasa da, hazırkı şərtlər artıq bunu diktə etməkdədir. Bunun üçün əlavə müzakirələrə də ehtiyac qalacaq.

Əlbəttə, birmənalı şəkildə silah-sursat, digər hərbi ləvazimatlar, o cümlədən terrorçulara xüsusi qaydalar tətbiq olunmalı və onlar filtrdən keçməlidir və şübhəsiz ki ölkəyə buraxılmayacaqlar. Habelə Azərbaycana düşmən mövqedə olmayan hansısa erməni ictimai-siyasi xadim, mətbuat nümayəndəsi və s. Azərbaycan ərazisinə daxil ola bilər. 

Hazırda koronovirus pandemiyasına görə quru sərhədlər bağlı olduğundan Laçın yolundakı sərhəd-keçid məntəqəsinin işləmə mexanizmi fərqli şəkildə tənzimlənməlidir. Düşünürəm ki, Azərbaycan müəyyən istisnalar tətbiq edə, eləcə də ilkin dövrdə gərginlik olmasın və inteqrasiya prosesi fasiləsiz davam etsin deyə, orada müəyyən istisnalar nəzərdə tuta bilər”.

Share on Facebook