"Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanması, ümumilikdə əli qana batan erməni cinayətkarların cəzalandırılması bir neçə aspektdən tarixi əhəmiyyət kəsb edir. Bu separatçılardan biri, yaxud hamısı Ermənistana keçə bilsəydi, “mühacir lider” olacaqdılar"
Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, erməni separatizminin məhv edilməsindən sonra “başçılarının” Bakıya gətirilməsi qondarma “artsax” ideyasına vurulan zərbə, eləcə də Azərbaycana qarşı separatizm meyllərinin üzləşəcəyi taleyin nümayiş etdirilməsidir: "Şahramanyanın bəlkə də amnistiya şansı ola bilər, lakin o, məğlub olmuş şəxs kimi qəbul edilməyəcək. Bakı Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlərin cəzasız qalmayacağını praktiki olaraq göstərir. Əli qana batan erməni cinayətkarlara qarşı barışmaz mövqeyi ilə XXI əsrdə İsrail təcrübəsini təkrarlayır: yəhudi soyqırımına görə nasistlər sona qədər təqib edildi, cəzalandırıldı, bu gün rəsmi Bakı azərbaycanlılara qarşı soyqırımı törədən şəxsləri bir-bir cəzalandırır".
Ekspertin fikrincə, bütün bu olanlardan sonra bir gün Robert Köçaryan və Serj Sarqsyan üçün “Eyxman əməliyyatı”nın keçirilə biləcəyinə şübhə ilə yanaşmamalıyıq: "Hazırda baş verənlər Vətən müharibəsinin komponentlərindən olan "cəza əməliyyatı"nın davamıdır".