“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.
Sozcu.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb.
Kəlbəcər şəhərinin sonuncu Baş planı 1969-cu ildə tərtib olunub və hesabat dövrü 2000-ci ilə qədərki müddəti əhatə edib.
Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb.