Şadlıq saraylarında toy qiymətləri dayanmadan artır. Bir stulun 200-350 manat olduğu şadlıq sarayları var ki, oradakı yeməklərin keyfiyyəti təklif olunan qiymətlərdən çox aşağıdır. Toy biznesi bir çox insanların dolanışığına xidmət etsə də, bir qisminin də “cibinə girir”.
Maraqlıdır, bəs buna dövlət səviyyəsində müdaxilə olmalıdırmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, dövlət restoran qiymətinə qarışmır:
“Restoranda olan qiymətlərə dövlət tərəfindən hər hansı müdaxilə nə qanuna, nə bazar iqtisadiyyatı qaydalarına, nə də biznes etikasına görə doğrudur. Ümumiyyətlə, dövlətin bu cür şadlıq saraylarının qiymət siyasətinə müdaxilə etməsinin heç bir əsası yoxdur. Şadlıq sarayı strateji sektor deyil, əyləncə sektorudur. Məsələn, taxılın, metronun, suyun qiyməti olsaydı, deyərdim, hə, dövlət müdaxilə etməlidir və s. Amma əyləncə sektorunda heç kimi məcbur etmirlər ki, gəlib həmin şadlıq sarayının xidmətindən məcbur şəkildə istifadə etsin”.
İqtisadçı deyib ki, şadlıq sarayının rəhbəri istəsə, 200-350 rəqəminin yanına bir və ya iki sıfır da artıra bilər:
“Burada heç bir tənzimləmə lazım deyil. İnsanların şəxsi seçimidir, bazar iqtisadiyyatıdır. Adam var bir aya 300 manat qazanır, adam var yüz min qazanır, eləsi də var ki, bir milyon gəlir əldə edir. Ona görə də hər kəs ayağını yorğanına görə uzatmalıdır.
Bazar həddindən artıq bölünüb, heç bazarın 3 faizi belə hər hansı bir şəxsin əlində deyil. Çoxlu sayda xırda, orta, böyük və daha iri şadlıq sarayı var və hər biri də müxtəlif qiymət təyin edirlər. Kasıb insan bahalı şadlıq sarayına getməsin, kimisə məcbur etmirlər”.