Son aylarda Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətlərdə ciddi gərginlik yaranıb.
Sozcu.az xəbər verir ki, bu barədə "istories" nəşrinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş və hazırda fəaliyyət göstərən əməkdaşları, Şimali Qafqaz üzrə müxbirlər və hüquq müdafiəçiləri məlumat veriblər.
Gərginliyin artmasına əsas səbəb kimi Kadırovun Kremlin xəbəri olmadan Yaxın Şərqdəki müsəlman monarxiyaları ilə öz ailəsinin təhlükəsizliyini və gələcəyini müzakirə etməsi göstərilir. FTX bu danışıqları qeydə alaraq birbaşa Putinə məruzə edib.
Məlumata görə, uzun müddətdir səhhətində ciddi problemlər yaşayan Kadırov öz ailəsinin gələcəyindən narahatdır. O, böyrək və mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkir və vəziyyəti getdikcə pisləşir. Kadırov son aylarda ictimaiyyət qarşısında daha az görünür və yalnız əvvəlcədən lentə alınmış video-materialları paylaşır.
Gərginliyin fonunda Kadırov öz ailə üzvlərini dövlət vəzifələrindən uzaqlaşdırmağa başlayıb. Yanvar ayında onun 26 yaşlı qızı Ayşat Kadırova Çeçenistanın baş nazirinin müavini vəzifəsindən azad edilib və ölkənin ən iri mineral su ixracatçısına rəhbərlik etməyə başlayıb. Mart ayında isə Ayşat və onun kiçik bacısı Təbariqin adları rəsmi hüquqi şəxslər reyestrindən çıxarılıb.
Kadırovun yaxın silahdaşı və Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov da Kremlin diqqət mərkəzinə düşüb. 2025-ci ilin əvvəlindən etibarən o, hərbi və kriminal münaqişələrdə iştirakdan çəkinməyə başlayıb. Məlumatlara görə, Kreml Çeçenistan rəhbərliyinə “açıq fəaliyyət göstərməmək” barədə göstəriş verib.
Delimxanov hazırda Moskvanın “Prezident-otel”ində yerləşib və orada Kadırovun nümayəndələri üçün qərargah kimi istifadə edilir. Kremlin və FTX-nin ona qarşı narazılığının əsas səbəbi isə razılaşdırılmamış kriminal fəaliyyətlərə rəhbərlik etməsi olub.
Şimali Qafqazda çalışan müstəqil jurnalistlər və hüquq müdafiəçiləri bildirirlər ki, Kadırov və Kremlin münasibətlərindəki bu gərginlik artıq regionun siyasi və təhlükəsizlik balansına təsir göstərməyə başlayıb. Bu isə Çeçenistanın gələcəyi ilə bağlı ciddi suallar doğurur.