09:36
Bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.
Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib.
Eyni zamanda vurğulanıb ki, bir çox şəhərdə təhlükə səbəbindən həyəcan siqnalı verilib.
***
İsrail həkimləri şənbə günü səhər Qəzza zolağından atılan raketlər nəticəsində 70 yaşlı qadının öldüyünü təsdiqləyiblər.
Bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bildirilib ki, o, Aşdod şəhəri yaxınlığındakı Qederot kəndində yaşayıb.
***
Xəstəxanaların məlumatına görə, İsrailin cənubunda və mərkəzində raket hücumları nəticəsində 100-dən çox israilli yaralanıb, onlardan bəzilərinin vəziyyəti çox ağırdır.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Kuseyf şəhərinin meri Əbdüləziz Nassar bildirib ki, raketlərin şəhərə düşməsi nəticəsində 4 nəfər ölüb.
***
HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.
Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.
***
HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.
Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.
***
İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb.
Bu barədə TASS məlumat yayıb.
Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.