Xəqani Cəfərli, şərhçi
Ötən gün Türkiyədəki seçkilərlə bağlı səsverməni İstanbulda müşahidə edən yaxınlarımdan birinin göndərdiyi bir qeydi paylaşmışdım. Həmin qeydi şübhə altına alanlar da olmuşdu. Həmin seçki məntəqəsinin yerləşdiyi Kadıköydə rəsmi məlumatlara görə, Kemal Kılıçdaroğlu səslərin 80.58 faizini, Rəcəb Tayyip Ərdoğan cəmi 16.85 faizini qazanıb.
Türkiyənin Ümumdaxili Məhsulunun 45 fazindən artığını təşkil edən üç böyük şəhərdə, İstanbul, Ankara və İzmirdə Kemal Kılıçdaroğlu qalib gəlməsinə baxmayaraq seçki ikinci tura qaldı.
Böyük şəhərlərin dövlət büdcəsinə ödədiyi vergilərdən dotatsiya almaqla yaşayan, şeyx-mürid münasibətlərinin hökm sürdüyü əyalətlərin güclü dəstəyi Rəcəb Tayyip Ərdoğanı məğlubiyyətdən xilas etdi. Türkiyədə seçki rəqabəti savadlı, nisbətən daha yaxşı yaşayan şəhər əhalisi ilə savadsız və yoxsul əyalət əhalsi arasında gedirdi. Daha varlı olan şəhərlərdə bir qayda olaraq Kılıçdaroğlu, yoxsul əyalətlərdə isə Ərdoğan qalib gəldi.
Seçkinin nəticəsinin müəyyən olunması ikinci tura qalsa da, Ərdoğan üstünlüyə malikdir. Ancaq bu Ərdoğanın arzuladığı bir qələbə deyil. Beş il əvvəlki, 2018-ci il seçkilərində 26.068.146 seçicinin səsini qazanan Ərdoğan, 14 mayda cəmi 26.082.947 seçinin səsini qazanıb. Bu səslərin içərisində isə 2018-ci ildən fərqli olaraq radikal islamçı Yendən Rifah Partiyasının və HÜDA PAR-ın 2 milyon səsi də var. Üstəlik bu iki radikal islamçı partiya parlamentdə də təmsil olunacaq. İslam dünyasında şəriətin aparıcı siyasi cəryana çevrilməsində əsas rol oynamış Milli Selamet Partiyasının davamı olan Yendən Rifah Partiyası, eləcə də Hizbullahın siyasi qanadı olan şəriət dövlətinin yaradılmasına çalışan HÜDA PAR-ın (Hür Dava Partisi) parlamentdə təmsilçiliyi çox ciddi problemlərin yaranacağından xəbər verir.
Ümumilikdə, Türkiyə 14 may seçkiləri nəticəsində cümhuriyyət dövrünün ən qatı şəriətçi və anti-Qərbçi parlamentini qazanıb. Mərkəzi Bankında valyuta qalmadığı üçün aprel ayının 1-dən bu günə kimi 700 ton qızıl eytiyyatının 147 tonunu satmaq məcburiyyətində qalan bir ölkənin bu xəstə və yorğun prezident, qatı şəriətçi və anti-Qərbçi parlamentlə nə qədər davam gətirəcəyi qeyri-müəyyəndir.
Yeganə ümid yaradan məqam müxalifətin beş il əvvəllə müqayisədə səslərini 15.216.199-dən 23.867.812-ya artırması, üç böyük şəhərdə, İstanbul, Ankara və İzmirdə tam üstünlük qazanması və Ekrem İmamoğlu kimi gənc liderə sahib olmasıdır.
Bizim isə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin etdiyi kimi Azərbaycanın müstəqiliyini hər kəsə qarşı qorumaqdan, Mirzə Fətəli Axundzadənin müəyyən etdiyi yolla getməkdən başqa seçimimiz yoxdur. Əks halda Yenidən Rifah və HÜDA PAR tezliklə Bakıda peyda olacaq.
P.S. İstanbul, Ankara və İzmirdəki seçkilərin rəsmi nəticələrini ardıcılıqla təqdim edirəm.